Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Həmin ərazilərdə soydaşlarımızın izlərini silmək istəsələr də, oradakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və "Kuzari" təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə qədər kənd üzrə foto və videomateriallar toplanıb. Həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar mərhələli şəkildə kənd-kənd təqdim ediləcək.
Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material İnqala kəndi haqqındadır.
İnqala kəndi XIX əsrin sonlarına aid çar mənbəyində qonşu Haxıs azərbaycanlı kəndinin bir qrup sakininin yeni saldığı yaşayış məntəqəsi kimi qeyd edilir. Sovet mənbələrində həm də Kiçik Axis adına rast gəlinir.

Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının İrəvan qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1916-cı ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya əsasən azərbaycanlıların əcdadları yaşayıblar.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 113 nəfər yaşayıb.

Korkotyan Z. - Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 124 nəfər yaşayıb.
Manvelyan A.P., Martirosyan G.M. - 1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi:
1916-cı ildə kənddə 161 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki rəsmi Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə - Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə aparıb.

Bu dövrdə İnqala kəndinin yerləşdiyi Vedibasar ərazisi daşnak diktaturasına qarşı türk müqavimətinin mərkəzlərindən birinə çevrilib. Erməni hökuməti dəfələrlə oraya qoşun göndərib, bu da 1919-cu ilin yayında kütləvi silahlı üsyana gətirib çıxarıb.
Etnik təmizləmənin nəticələri kəndin dağıldığını göstərən 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatlarında öz əksini tapıb.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra azərbaycanlı əhali kəndə qayıtmağa başlayıb.
Sovet dövründə kənd ilk olaraq Vedi rayonunun, sonra isə Artaşat rayonunun tərkibində olub.
Erməni mənbələrinin məlumatlarına əsasən, 1940-cı illərin sonlarına - 1950-ci illərin əvvəllərinə qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar.

Korkotyan Z. - Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 30 nəfər yaşayıb.
1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 33 nəfər yaşayıb.
Manvelyan A.P., Martirosyan G.M. 1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi:
1939-cu ildə kənddə 124 nəfər yaşayıb.
1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Erməni mənbəyinə əsasən, 1940-1950-ci illərdə sakinlərin deportasiyasından sonra kənd baxımsız qalıb.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir neçə dağılmış məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.
Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 18 ayrıca mənbədən istifadə edilib. Onların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Ovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, İnqala kəndi ilə bağlı 81 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.