Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün təqaüd proqramları təsis edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov məlumat verib.
O qeyd edib ki, Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinə "Seyid Yəhya Bakuvi", "Məhəmməd İrəvani" və "Həmzə Nigari" adına təqaüdlər verilir:

"Proqramların qalibləri sırasında qız tələbələrin də yer alması onların akademik göstəricilərinin və intellektual potensialının təşviqinə verilən diqqətin bariz nümunəsidir.
Bundan əlavə, Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbə qızların sosial inteqrasiyasını gücləndirmək, erkən evlilik, qızların təhsildən yayınması və ailədaxili zorakılıq kimi məsələlərdə maarifləndirmə təşəbbüslərini stimullaşdırmaq məqsədilə Fond tərəfindən "Xurşidbanu Natəvan" təqaüdü təsis olunub. Bu proqram tələbə qızların akademik hazırlığı ilə yanaşı, onların sosial problemlərə həssas yanaşan, ictimai təşəbbüslərdə iştirak edən mütəxəssislər kimi yetişməsinə dəstək verir".
Sədr vurğulayıb ki, milli-mənəvi dəyərlərin yaşadılması, gələcək nəsillərə ötürülməsi və müasir dövrün çağırışları ilə uzlaşdırılması bütövlükdə cəmiyyətin qarşısında dayanan ortaq vəzifədir:
"Bu prosesdə qadının mövqeyi onun ailədaxili rolu ilə məhdudlaşmır. O, eyni zamanda milli yaddaşın, mənəvi ənənələrin, sağlam ictimai düşüncənin formalaşmasında iştirak edən aparıcı intellektual və ictimai qüvvədir.
Bu səbəbdən qadının maariflənməsinə, ictimai təşəbbüslərinin dəstəklənməsinə, bilik və bacarıqlarının reallaşdırılmasına yönələn hər bir addım, əslində, gələcəyimizə yatırılan çox dəyərli sərmayədir. Çünki mütərəqqi cəmiyyət hər gün yenilənən mədəni təcrübə, qadın isə bu təcrübənin həm müəllifi, həm də daşıyıcısıdır".