Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, oradakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və "Kuzari" təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə qədər kənd üzrə foto və videomateriallar toplanıb. Həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar mərhələli şəkildə kənd-kənd təqdim ediləcək.
Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Dərə kəndi haqqındadır.

Kənd əsası qoyulduğu vaxtdan Dərə adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Daranak qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.
Kənd 1921-ci ildə yaxınlıqda yerləşən Pəmbək kəndindən oraya köçmüş azərbaycanlılar tərəfindən salınıb.
Sovet dövründə kənd Basarkeçər rayonunun tərkibində olub, rayon sonradan Vardenis adlandırılıb.
Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində yalnız azərbaycanlılar yaşayıblar.

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
1959-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 320 nəfər yaşayıb.
1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 364 nəfər yaşayıb.
1979-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 411 nəfər yaşayıb.
1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 92 nəfər yaşayıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. Azərbaycanlıların qovulmasından sonra kəndin ərazisində ermənilər yerləşdiriliblər.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyənləşdirilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir neçə məzar daşının qismən salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkarlanıb.

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 6 ayrıca mənbədən istifadə edilib. Onların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Ovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Dərə kəndi ilə bağlı 29 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.