Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, oradakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə qədər kənd üzrə foto və videomateriallar toplanıb. Həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar mərhələli şəkildə kənd-kənd təqdim ediləcək.
Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Heydərli kəndi haqqındadır.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.
XVIII əsrin ikinci yarısından kəndin ərazisi Kartli-Kaxetiya çarlığının tərkibində olub. 1801-ci ildə I Aleksandr "Gürcü xalqına" manifesti ilə, nəhayət, Kartli-Kaxetiya çarlığının ilhaqını təsdiqləyib: gürcü monarxiyası ləğv edilib, Şərqi Gürcüstan isə Rusiya imperiyasının tərkibinə daxil edilib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1908-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1831-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 26 nəfər yaşayıb.
Qafqaz haqqında məlumat toplusu:
1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 158 nəfər yaşayıb.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 175 nəfər yaşayıb.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 265 nəfər yaşayıb.
1909-cu ilə olan Qafqaz təqvimi:
1905-ci ildə kənddə 257 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:
1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 357 nəfər yaşayıb.
XX əsrin əvvəllərində Heydərli kəndi əhalisinin nəzərəçarpacaq artımı 1899-сu ildə kəndin yaxınlığından keçən Tiflis-Aleksandropol dəmir yolu xəttinin açılmasından sonra bölgənin iqtisadi inkişafı ilə bağlı ola bilərdi.

1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.
Heydərli əlçatan yazılı mənbələrdə erməni silahlı birləşmələri tərəfindən türk əhalisinin kütləvi qırğını barədə məlumatın qeydə alınmadığı azsaylı kəndlərdən biri olub.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub.
Sovet dövründə kənd əvvəl Qarakilsə rayonunun tərkibində olub, rayon sonradan Kirovakan adlandırılıb. Daha sonralar kənd Spitak və bərpa edilmiş Quqark rayonlarının tərkiblərində olub.

Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonuna qədər kəndin ərazisində yalnız azərbaycanlılar yaşayıblar.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 294 nəfər yaşayıb.
1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 325 nəfər yaşayıb.
1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 398 nəfər yaşayıb.
1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə 1949-cu ildə Heydərli kəndi sakinlərinin bir hissəsi zorla Azərbaycanın Saatlı rayonuna köçürülüb.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
1959-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 448 nəfər yaşayıb.
1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 994 nəfər yaşayıb.

1980-ci illərin sonunda ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. 1989-cu il məlumatlarına əsasən, kənddə heç kim yaşamayıb.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə məzar daşlarının bir hissəsinin salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.
Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 27 ayrıca mənbədən istifadə edilib. Onların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Ovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Heydərli kəndi ilə bağlı 42 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.