İlon Maskın rəhbərlik etdiyi "Tesla" və "SpaceX" şirkətləri mümkün birləşmə şərtlərini razılaşdırmaq üçün beş aparıcı menecer təyin edib. Bu prosesin ilin sonuna qədər başa çatdırılması və bazar dəyəri təxminən 3.5 trilyon dollar olan meqaholdinqin yaradılması nəzərdə tutulur.
Oxu.Az-ın "Financial Times" nəşrinə istinadən verdiyi məlumata görə, danışıqlar komitəsinə "Tesla"dan üç, "SpaceX"dən isə iki nümayəndə cəlb olunub.
Bu heyət inteqrasiya planını hazırlamalı, səhmdarların dəstəyini təmin etməli və investorlar tərəfindən qaldırıla biləcək məhkəmə iddialarının qarşısını almalıdır.
Prosesə "Morgan Stanley" və "Goldman Sachs" kimi maliyyə nəhəngləri, eləcə də "Evercore" konsaltinq şirkəti cəlb edilib. Mütəxəssislər süni intellekt, çip istehsalı, robototexnika, raketqayırma və günəş panellərinin hazırlanması sahələrində hər iki şirkətin maliyyə modellərini, kəsişmə nöqtələrini və əməkdaşlıq perspektivlərini təhlil edirlər.
Həllini gözləyən ən vacib məsələlərdən biri hər iki müəssisənin səhmlərinin ədalətli mübadilə əmsalının müəyyənləşdirilməsidir. Nəşrin mənbələri bildirirlər ki, danışıqlar prosesi gözləniləndən daha mürəkkəb keçə bilər, lakin müqavilənin ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.