Kino və televiziya sahəsində 200-ə yaxın layihədə iştirak etmiş amerikalı tanınmış aktyor Larri Poyndekster 66 yaşında dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Deadline" nəşri yayımlayıb.
Aktyor noyabrın 14-ü axşam vaxtı baş verən bədbəxt hadisə nəticəsində noyabrın 18-i səhər saatlarında xəstəxanada vəfat edib. Yolu keçmək istəyən Poyndeksteri avtomobil vurub. Dörd gün yarım tibb müəssisəsində müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Sənətçi qabırğalarındakı sınıqlarla əlaqədar cərrahiyyə əməliyyatına girəcəyi gün həyat dünyasını dəyişib.
Qeyd edək ki, Larri Poyndekster böyük tamaşaçı kütləsinə sahib S.W.A.T. (2003) döyüş filmindəki polis kapitanı "Tom Fuller" obrazı ilə tanınıb. O, televiziya ekranlarında "Həyatımızın günləri" serialında "Ben Uelç" və "Ata Lui" olmaqla iki müxtəlif obrazı canlandırıb.
Aktyorun karyerasında "Santa-Barbara", "Dostlar", "Ananızla necə tanış oldum" kimi reytinqli layihələr də yer alıb. Aktyorun ən son rolu isə "Linkoln vəkili" serialı olub. Ötən əsrin 90-cı illərində Poyndekster "The High Lonesome" adlı kantri musiqi qrupunun solisti kimi də fəaliyyət göstərib və 1995-ci ildə kollektivin "Feel Free To Do So" adlı musiqi albomu işıq üzü görüb. Mərhum aktyorun həyat yoldaşı Kerol Kritsser və iki oğul yadigarı qalıb.