ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin süni intellektin (Sİ) irimiqyaslı hərbi əməliyyatlarla bağlı qərarları müstəqil şəkildə qəbul etməməsi barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, Prezident Tramp və Sədr Si hərbi qərarların qəbulunda insanın mütləq iştirak etməli olduğu və süni intellektə irimiqyaslı hərbi əməliyyatları müstəqil şəkildə həyata keçirməyə icazə verilməməsi barədə razılığa gəliblər. Bu, çox vacibdir", - deyə nazir vurğulayıb.
Bessentin sözlərinə görə, ABŞ və Çin liderləri nüvə silahlarının yayılmasının qarşısının alınması tədbirlərini də ətraflı müzakirə ediblər.
Bundan əlavə, görüş zamanı ticarət siyasəti və süni intellektin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.