"Titanik" laynerinin ən tanınmış sərnişinlərindən biri, modelyer Lüsi Daff-Qordona məxsus olmuş brilyant üzük hərraca çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.
Bildirilir ki, hərraca çıxarılacaq zinət əşyasının təxmini dəyəri 80 min funt sterlinq (təqribən 105 min dollar) qiymətləndirilir. "Henry Aldridge & Son" hərrac evinin təşkil edəcəyi satış noyabrın 21-də İngiltərənin Uiltşir qraflığının Devayzes şəhərində baş tutacaq.
Nəşrin məlumatına görə, iri brilyantla bəzədilmiş üzük vaxtilə sahibəsinə nişan hədiyyəsi kimi verilmiş ola bilər. Zinət əşyası onilliklər ərzində ailədə nəsildən-nəslə ötürülüb.
Qeyd olunur ki, üzüyün mənşəyini təsdiqləyən məktub, eləcə də Birmingem Əyar Palatasının verdiyi rəsmi sertifikat da hərrac lotuna daxildir.
Hərrac evinin nümayəndəsi Endryu Oldric nəşrə açıqlamasında bildirib:
"Titanik"dən sağ çıxan sərnişinlərə məxsus zinət əşyalarının satışa çıxarılması son dərəcə nadir hadisədir. Lakin belə tanınmış sərnişinə aid olan və onun birbaşa varisi tərəfindən hərraca təqdim edilən şəxsi əşyanın satışı, demək olar ki, misilsiz hadisədir".
Qeyd edək ki, Lüsi Daff-Qordon (1863-1935) XIX əsrin sonu - XX əsrin əvvəllərində Britaniyanın ən qabaqcıl modelyerlərindən biri olub. Onun Londonda yerləşən nüfuzlu moda evinin Paris, Nyu-York və Çikaqoda da filialları fəaliyyət göstərib.
Ledi Daff-Qordon və ərinin xilas olduqları xilasedici qayıq 40 nəfər üçün nəzərdə tutulsa da, orada cəmi 12 nəfər olub.
Sonradan cütlük heyət üzvlərinə rüşvət verməkdə və digər sərnişinləri gözləmədən batan gəmini tərk etməkdə ittiham edilib. Lakin onlar bu ittihamları rədd ediblər.
Xatırladaq ki, "Titanik" 1912-ci il aprelin 10-da İngiltərənin Sauthempton limanından ilk və son səfərinə yola düşüb. Aprelin 14-dən 15-nə keçən gecə Şimali Atlantik okeanında aysberqlə toqquşan gəmi təxminən 2 saat 40 dəqiqə sonra batıb.
Faciə nəticəsində təxminən 1 500 nəfər həlak olub, 712 sərnişin və heyət üzvü isə sağ qalıb. Fəlakət yerinə çatan "Karpatiya" sərnişin gəmisi sağ qalanları öz göyərtəsinə götürüb.
