"Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibəni diplomatik yolla başa çatdırmaq istəyir".
Oxu.Az "Axios"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp APEC sammiti çərçivəsində Rusiya lideri ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Prezident Putin Rusiya ilə Ukrayna arasındakı müharibənin diplomatik yolla başa çatmasını istədiyini açıq şəkildə ifadə etdi", - deyə Tramp bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı danışıqlarda irəliləyiş əldə olunur.
"Danışıqlarımız çox yaxşı gedir. Düşünürəm ki, müharibəni başa çatdırmaq üçün çox yaxşı şansımız var", - deyə o qeyd edib.
Tramp noyabrın 19-da Rusiya, Çin və ABŞ liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü "möhtəşəm və inanılmaz" adlandırıb.
Putin və Tramp həmin gün Çinin Şençjen şəhərində görüşüblər. Görüşün əvvəlində ABŞ Prezidenti danışıqlarda konkret nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.
Daha sonra Trampdan Putini ABŞ-nin dostu hesab edib-etmədiyi soruşulub.
"ABŞ-nin adından danışa bilmərəm. Düşünürəm ki, Putinlə münasibətlərim çox yaxşıdır", - deyə ABŞ Prezidenti cavab verib.
Görüşdən sonra Rusiya Prezidenti bildirib ki, tərəflər Trampın təşəbbüsü ilə Ukraynadakı müharibəyə xüsusi diqqət ayırıblar. ABŞ lideri də danışıqların əsas mövzusunun Ukrayna olduğunu təsdiqləyib.
Danışıqlardan sonra keçirilən mətbuat konfransında Putin bildirib ki, Moskva Alyaskanın Ankoric şəhərində keçirilən sammitdən əvvəl ABŞ tərəfinin təklif etdiyi kompromislərlə razılaşıb.
Onun sözlərinə görə, bundan sonrakı qərar Kiyevdən asılıdır. Lakin Ukrayna hələlik ərazi məsələləri də daxil olmaqla, müvafiq şərtləri qəbul etməyə hazır olduğunu bildirməyib.
Putin Moskvanın Kiyevə qarşı hərəkətlərində təmkinli davranmasını diplomatik nizamlanma imkanlarını qorumaq istəyi ilə izah edib.
"Biz sülh sazişlərinə nail olmaq üçün heç olmasa müəyyən imkanları qoruyub saxlamaq istəyirik", - deyə Rusiya lideri bildirib və bu yanaşmanı praqmatik adlandırıb.