Şimali Amerikada "İlin avtomobili, pikapı və utilitar nəqliyyat vasitəsi" ("North American Car, Truck and Utility Vehicle of the Year" - NACTOY) müsabiqəsinin münsiflər heyəti Los-Anceles avtosalonunda 2027-ci il mükafatının finalçılarını açıqlayıb.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, pikaplar kateqoriyasında yalnız ABŞ avtomobil markaları təmsil olunur. Bununla belə, KIA, "Lexus" və "Mercedes-Benz" markalarından fərqli olaraq, "Ford"un heç bir modeli finala yüksələ bilməyib.
Qaliblərin adları yanvarın 14-də Detroytda keçiriləcək tədbirdə açıqlanacaq.
Minik avtomobilləri kateqoriyasında "KIA K4", "Lexus ES" və hibrid "Mercedes-Benz CLA 220" finala yüksəlib.
Pikaplar kateqoriyasında isə "Chevrolet Silverado 1500", "GMC Sierra 1500" və gücləndirilmiş "Ram 1400 TRX SRT" "İlin pikapı" adına iddia edirlər.
Yolsuzluq avtomobilləri və krossoverlərin də daxil olduğu utilitar nəqliyyat vasitələri kateqoriyasında "KIA EV3", "Rivian R2" və "Nissan Rogue" hibrid krossoveri finalçılar sırasında yer alıb.
"Avtomobil texnologiyaları" xüsusi nominasiyasında da namizədlər müəyyənləşib. Mükafat adaptiv idarəetmə sisteminə görə "Rivian"a, innovativ təhlükəsizlik kəmərinə görə "Volvo"ya və ya sürücüyə yardım texnologiyalarına görə "Volkswagen"ə təqdim oluna bilər.
"Audi A6" və "Q9", "BMW iX3", "Jeep Cherokee", "Mazda CX-5", eləcə də "Toyota Highlander" və "KIA Telluride" kimi modellər isə finala yüksələ bilməyiblər.
Yanvarın əvvəlində "Avropada ilin avtomobili" müsabiqəsinin də qalibi açıqlanacaq. Məlumata görə, mükafatın 63 illik tarixində ilk dəfə finalçıların qısa siyahısına yalnız elektromobillər daxil edilib.
Bu müsabiqədə "BMW iX3" krossoveri hələ də qalib gəlmək şansını qoruyur.