Təkərin təmir edilə biləcəyi, yoxsa artıq dəyişdirilməli olduğu məsələsi bir çox avtomobil sahibini düşündürür. İnternetdə bununla bağlı çoxsaylı məsləhətlər olsa da, şinlərə qənaət etmək cəhdi ciddi təhlükə ilə nəticələnə bilər.
Oxu.Az Motor.ru-ya istinadən xəbər verir ki, texniki ekspert Aleksandr Tarasov təkərlərin hansı hallarda təmirinin mümkün, hansı hallarda isə yolverilməz olduğunu izah edib.
Mütəxəssisin sözlərinə görə, təkərin təmiri yalnız protektorun hərəkət səthindəki deşilmələr zamanı məqsədəuyğundur. Belə hallarda xüsusi təmir göbələklərindən, yamaqlardan və təmir plastırlarindan istifadə olunur. Fitil üsulu isə yalnız müvəqqəti həll hesab edilir.
Zədələnmə təkərin çiyin zonasına və ya yan divarına düşərsə, adətən onun dəyişdirilməsi tələb olunur. İstehsalçılar, bir qayda olaraq, bu hissələrin təmirini tövsiyə etmirlər.
Hətta təmirə icazə verilən zonadakı deşilmə də təkərin mütləq bərpa edilə biləcəyi demək deyil. Avtomobil zədələnmiş təkərlə hərəkət etməyə davam edibsə, şin təmirə yararsız vəziyyətə düşə bilər. Çünki aşağı təzyiqlə hərəkət təkərin daxili konstruksiyasını zədələyir və bundan sonra onu bərpa etmək mümkün olmur.
Onun sözlərinə görə, "RunFlat", "FlatRun" və analoji özünüdaşıyan şinlərə xüsusi diqqət yetirilməlidir. Belə təkərlər zədələndikdən, xüsusilə də havası boşalmış vəziyyətdə istifadə edildikdən sonra ətraflı yoxlanılmalıdır. Təmirin mümkün olub-olmadığına servis mütəxəssisləri qərar verməlidirlər.
Digər vacib məqam qış təkərlərinə yenidən şip vurulmasıdır. Ekspert vurğulayıb ki, zavodda quraşdırılmış şiplərin zamanla düşməsi normal hal hesab olunur. Lakin bu prosedurdan əvvəl riskləri qiymətləndirmək lazımdır. Çünki sonradan quraşdırılan şiplər zavod şiplərindən fərqlənir və düzgün aparılmayan şipləmə avtomobilin idarəetmə xüsusiyyətlərini pisləşdirə bilər.
Təkərin təmirə yararsız olmasının digər səbəbi protektorun aşınmasıdır. Ekspertin sözlərinə görə, protektorun qalıq dərinliyi yay təkərlərində minimum 1.6 mm, qış təkərlərində isə 4 mm olmalıdır.
O, həmçinin qeyd edib ki, minik avtomobillərinin təkərlərində protektorun sonradan dərinləşdirilməsi nəzərdə tutulmayıb.