Haker qruplaşması "Visa", "Mastercard" və "JPMorgan Chase" şirkətlərinin minlərlə müştərisinə aid məlumatları dərc edib.
Oxu.Az "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, insidentə görə məsuliyyəti "n0n" adlı haker qrupu üzərinə götürüb.
"Visa" nümayəndəsi nəşrə açıqlamasında bildirib ki, bank kartlarının nömrələri kimi ödəniş məlumatları ictimaiyyətə açıqlanmayıb. Şirkətin məlumatına görə, məlumat sızması Asiya-Sakit okean regionunda fəaliyyət göstərən kənar xidmət təchizatçısında baş verib.
"Mastercard" şirkətindən isə bildirilib ki, şəbəkəyə loyallıq proqramında iştirak edən kart sahiblərinə aid "məhdud həcmdə məlumat" sızıb. Məlumat sızmasının qarşısı alınıb və hazırda "Mastercard" istifadəçiləri kartlarından adi qaydada istifadə edə bilirlər.
"JPMorgan Chase" nümayəndəsinin sözlərinə görə, hakerlər şirkətin kənar xidmət təchizatçılarına hücum ediblər. Kibercinayətkarlar müştərilərin adları və elektron poçt ünvanları kimi məlumatların yer ala biləcəyi marketinq məlumatlarına çıxış əldə ediblər. "JPMorgan Chase" bildirib ki, insident səbəbindən müştərilərə göstərilən xidmətlərdə heç bir fasilə yaranmayıb.