Haaqada yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi ilk dəfə bir dövləti soyqırım törətməkdə təqsirli hesab edib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında dərc olunan qərarda bildirilib.
Məhkəmə 2017-ci ildə Myanmada keçirilən hərbi əməliyyat zamanı hərbçilərin azı 10 000 nəfəri öldürdüyünü müəyyən edib. Həmçinin kütləvi cinsi zorakılıq, uşaqlara qarşı hücumlar və qonşu Banqladeşə qaçmağa çalışan insanların təqib edilməsi halları qeydə alınıb.
Hakimlərin qiymətləndirməsinə görə, təhlükəsizlik qüvvələrinin hərəkətləri Rohinca müsəlman azlığının əhəmiyyətli bir hissəsini məhv etmək niyyəti ilə həyata keçirilib.
Myanmanın qərbində yerləşən Rakhayn ştatında keçirilən əməliyyat nəticəsində 700 000-dən çox insan evlərini tərk edərək Banqladeşə qaçmağa məcbur olub. Onların bir çoxu hələ də geri qayıda bilmir. Hazırda bu ölkədə təxminən 1.2 milyon Rohinca qaçqını yaşayır.
Məhkəməhəmçinin rohincaların doğum səviyyəsinin azaldılmasına yönəlmiş tədbirlərə də diqqət çəkib. Myanma hökuməti ittihamları rədd edərək, hərbi əməliyyatın Rohinca silahlı qruplaşmalarının polis məntəqələrinə hücumlarına cavab olaraq həyata keçirildiyini və milli təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bildirib.