Oktyabrın 11-də qlobal ödəniş texnologiyaları liderlərindən biri olan "Mastercard" unikal və unudulmaz anlar təqdim edən "Priceless" təcrübəsi çərçivəsində növbəti tədbirini Azərbaycanda həyata keçirib.
"Priceless" hər zaman olduğu kimi, dəyərli və önəmli tədbirlər həyata keçirir: insanları birləşdirmək, ilhamlandırmaq və unudulmaz anlar bəxş etmək əsas məqsəddir.
Bu dəfə proqram çərçivəsində qonaqlar Azərbaycanın ən qədim və tanınmış şərab istehsalçılarından biri olan Göygöl Şərab Zavodunda unikal təcrübə yaşayıblar. Onlar Göygölün zəngin tarixi irsi ilə tanış olaraq, zavodun qədim şərab zirzəmilərini gəzib, 1860-cı ildən bu günədək qorunan ənənəvi istehsal prosesini yaxından izləyiblər.
Tur zamanı iştirakçılar 13 üzüm sortunun becərildiyi 518 hektarlıq bağlara baş çəkərək, zavodun mütəxəssislərindən məhsullar haqqında ətraflı məlumat alıblar. Axşam proqramı isə üzüm bağlarının mənzərəsi fonunda canlı musiqi və xüsusi bəzədilmiş açıq hava məkanında təşkil olunmuş şam yeməyi ilə davam edib. Qonaqlar Göygölün təbiətindən, brendin məhsullarının dequstasiyasından və "Priceless" ab-havasından zövq alıblar.
Bu əməkdaşlıq "Mastercard" və Göygöl Şərab Zavodunun birgə şəkildə Azərbaycanın mədəni irsinin, sənətkarlığın və paylaşılmış təcrübələrin dəyərinin önə çıxarılmasının bariz nümunəsi olub.
Qeyd edək ki, bu il Göygöl Şərab Zavodu özünün 165 illik fəaliyyət yubileyini qeyd edir - bu isə onun Azərbaycan şərabçılıq tarixindəki dərin köklərini və davamlı inkişafını bir daha təsdiqləyir.