Mingəçevir Dövlət Universitetində tələbələrin elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, innovativ düşüncə və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər yeni və daha genişmiqyaslı platformaların yaradılması ilə davam etdirilir.
Belə ki, 2026-cı il noyabrın 27-də Mingəçevir Dövlət Universiteti ilə Mingəçevir Yüksək Texnologiyalar Parkının birgə təşkilatçılığı ilə "Tələbə Tədqiqatları və İnnovasiyalar" üzrə I Mingəçevir Forumu keçirilib.
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunan forum tələbələrin elmi və innovativ potensialının üzə çıxarılması, gənc tədqiqatçıların təşəbbüslərinin dəstəklənməsi, yeni ideyaların praktiki tətbiq imkanlarının müəyyənləşdirilməsi, akademik mühitlə sənaye və biznes sektorunun inteqrasiyasının gücləndirilməsi məqsədi daşıyıb.
Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin tələbələrini, akademik heyət nümayəndələrini, sənaye və biznes sektorunun təmsilçilərini, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən ekspertləri bir araya gətirən forum fərqli konsepsiyası, paralel tematik sessiyaları və interaktiv müzakirə formatı ilə seçilib.
Mingəçevir regional "ASAN xidmət" mərkəzinin konfrans zalında keçirilən forumun rəsmi açılış mərasimi xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan MDU-nun rektoru Anar Eminov müasir ali təhsil sistemində elmi-tədqiqat fəaliyyətinin, innovasiya və sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsinin strateji əhəmiyyətindən bəhs edib.
Universitetlərin yalnız bilik ötürən təhsil müəssisələri deyil, yeni biliklərin, texnologiyaların və innovativ həllərin formalaşdığı inkişaf mərkəzləri kimi fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdıran rektor tələbələrin erkən mərhələdən tədqiqat fəaliyyətinə cəlb edilməsinin, onların yaradıcı təşəbbüslərinin dəstəklənməsinin və real sektorun çağırışlarına uyğun layihələr hazırlamalarının əhəmiyyətini vurğulayıb.
Anar Eminov forumun keçirilməsini Mingəçevir Dövlət Universitetində formalaşdırılan innovasiya ekosisteminin inkişafı, tələbəyönümlü tədqiqat mühitinin gücləndirilməsi və universitet-sənaye əlaqələrinin yeni müstəviyə daşınması baxımından mühüm təşəbbüs kimi dəyərləndirib.
Rektor qeyd edib ki, universitetin əsas hədəflərindən biri tələbələrin yalnız mövcud bilik və texnologiyaların istifadəçisi deyil, yeni biliklərin, texnoloji həllərin və innovativ məhsulların yaradıcıları kimi yetişdirilməsidir.
Daha sonra "HTech Invest" şirkətinin icraçı direktoru Orxan Nadirov çıxış edərək innovasiya ekosisteminin inkişafı, texnoloji sahibkarlığın təşviqi, gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi və ali təhsil müəssisələri ilə texnologiya sektorunun əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən danışıb.
"AlievSpace" şirkətinin icraçı direktoru Emin Əliyev çıxışında müasir texnoloji çağırışlar, innovasiya əsaslı sahibkarlıq, gənclərin gələcəyin əmək bazarına hazırlanması və innovativ ideyaların real biznes layihələrinə çevrilməsi istiqamətində mövcud imkanlara toxunub.
MDU-nun Riyaziyyat və informasiya texnologiyaları fakültəsinin dekanı Aidə Mustafayeva forumun konsepsiyası, məqsədləri, elmi-tədqiqat istiqamətləri və proqramı haqqında ətraflı məlumat verib. Tələbələrin elmi və innovativ fəaliyyətinin təşviq edilməsində bu cür platformaların rolunu vurğulayan dekan forumun gənclərin akademik və peşəkar inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
Forumun rəsmi açılış mərasimi çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə "HTech Invest" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, innovasiya və texnologiya sahəsində birgə fəaliyyət imkanlarının inkişaf etdirilməsi, tələbələrin innovativ təşəbbüslərinin dəstəklənməsi və akademik biliklərin praktiki fəaliyyətlə əlaqələndirilməsi baxımından yeni əməkdaşlıq perspektivləri yaradıb.
Əməkdaşlıq tələbələrin texnoloji sahibkarlıq, innovativ layihələrin hazırlanması və praktiki bacarıqlarının inkişafı istiqamətində yeni imkanların formalaşdırılmasına xidmət edəcək.
Forumun mühüm fəaliyyət istiqamətlərindən biri Mingəçevir Yüksək Texnologiyalar Parkında təşkil olunan "Industry Connect" - "Sənaye ilə görüş" sessiyası olub.
"Orange Zone" konsepsiyası əsasında keçirilən sessiyada tələbələrlə sənaye və biznes nümayəndələri arasında birbaşa dialoq mühiti yaradılıb, müasir texnologiyaların inkişaf tendensiyaları, əmək bazarının dəyişən tələbləri, texnoloji sahibkarlıq və gələcəyin peşələri ətrafında müzakirələr aparılıb.
Sessiya çərçivəsində Emin Əliyev "Texnologiyaların və sahibkarlığın gələcəyi", Əntiqə Cəlilova "MasaPay platforması", İsmət Cahangirov isə "Tələbələr üçün peşəkar istiqamətlər və karyera imkanları" mövzularında təqdimatlarla çıxış ediblər.
Tələbələrin sənaye nümayəndələri ilə birbaşa fikir mübadiləsi aparmasına, müasir biznes modelləri ilə tanış olmasına, peşəkar inkişaf imkanlarını dəyərləndirməsinə və gələcək karyera istiqamətlərini müəyyənləşdirməsinə şərait yaradılıb.
Forumun "Purple Zone" tematik zonasında təşkil olunan "Innovation & Business Hub" sessiyası innovativ ideyaların biznes layihələrinə çevrilməsi, sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi və müasir biznes mühitinin imkanlarının öyrənilməsinə həsr olunub.
Sessiyada Yunis Paşayev "Biznes ideyalarının reallaşdırılması və investisiyaların cəlb edilməsi", Diana Qasımova isə "Creative Production & SMM" mövzularında təqdimatlarla çıxış ediblər.
İnnovativ ideyaların inkişaf mərhələləri, onların bazar imkanlarının müəyyənləşdirilməsi, investisiyaların cəlb olunması, yaradıcı sənayelər, rəqəmsal kommunikasiya və sosial media marketinqinin müasir biznes mühitində rolu sessiyanın əsas müzakirə istiqamətlərini təşkil edib.
Forum çərçivəsində təşkil olunan "Blue Zone" tematik zonasında "Gələcəyin Universiteti" adlı interaktiv debat keçirilib.
"Süni intellekt tələbələrin yaradıcılıq qabiliyyətini zəiflədir, yoxsa inkişaf etdirir?" mövzusuna həsr olunan debatda tələbələr süni intellektin təhsil sisteminə, elmi-tədqiqat fəaliyyətinə, yaradıcı düşüncəyə və insanın intellektual inkişafına təsiri ilə bağlı müxtəlif yanaşmalarla çıxış ediblər.
Müzakirələrdə süni intellektin yaratdığı imkanlarla yanaşı, onun tətbiqindən irəli gələn çağırışlar, akademik dürüstlük, müstəqil düşüncə, rəqəmsal asılılıq və texnologiyalardan məsuliyyətli istifadə məsələlərinə diqqət yetirilib.
Debat tələbələrin tənqidi və analitik düşüncə, arqumentləşdirmə, ictimai çıxış və fərqli mövqelərə əsaslandırılmış münasibət bildirmək bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma olub.
Forumun növbəti mərhələsində Mingəçevir Gənclər evində müasir texnologiyalar, kibertəhlükəsizlik və süni intellekt mövzularında "Workshop" formatında ekspert təqdimatları təşkil olunub.
Muhammet Ali "Kibertəhlükəsizlik və məlumat təhlükəsizliyi", Serap Yağmur isə "Məhsuldar süni intellektin pərdə arxası: texniki mühəndislik, hallüsinasiyalar rəqəmsal etika " mövzularında təqdimatlarla çıxış ediblər.
Ekspert sessiyalarında informasiya təhlükəsizliyi, kiberrisklərin idarə olunması, generativ süni intellekt sistemlərinin iş prinsipləri, süni intellektin təqdim etdiyi məlumatların etibarlılığı, rəqəmsal etika və yeni texnologiyalardan məsuliyyətli istifadə məsələləri diqqət mərkəzində olub.
Forumun ən dinamik və maraqlı fəaliyyət istiqamətlərindən biri "Innovation Challenge" - "Tələbə ideyalar marafonu" olub.
Mingəçevir Gənclər evində təşkil olunan ideyalar marafonu Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclərin yaradıcı potensialının nümayiş etdirilməsi, innovativ təşəbbüslərinin tanıdılması və tələbələr arasında elmi-texnoloji fikir mübadiləsinin genişləndirilməsi üçün mühüm platformaya çevrilib.
Marafonda Mingəçevir Dövlət Universitetinin tələbələri ilə yanaşı, Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri öz innovativ ideya və layihələrini nümayiş etdiriblər.
Forumda ümumilikdə 35 komanda üzrə 135 tələbənin iştirakı gənclərin elmi-tədqiqat və innovasiya fəaliyyətinə marağının, yaradıcı potensialının və yeni texnoloji həllərin hazırlanması istiqamətində təşəbbüskarlığının göstəricisi olub.
İdeyalar marafonu çərçivəsində tələbələr hazırladıqları innovativ layihələri, yaradıcı təşəbbüsləri və problemlərin həllinə yönəlmiş ideyalarını ekspertlərə təqdim ediblər.
Təqdim olunan layihələr ətrafında müzakirələr aparılıb, ideyaların praktiki tətbiq imkanları, inkişaf perspektivləri, elmi və texnoloji potensialı, gələcəkdə innovativ məhsula və startap layihəsinə çevrilməsi imkanları diqqət mərkəzində olub.
Tələbələrin öz ideyalarını ekspert auditoriyası qarşısında təqdim etməsi, peşəkar rəylər əldə etməsi, digər universitetlərin tələbələrinin layihələri ilə tanış olması və qarşılıqlı təcrübə mübadiləsi aparması ideyalar marafonunun əsas üstünlüklərindən biri olub.
"Innovation Challenge" gənclərin yalnız mövcud problemləri müəyyənləşdirən deyil, həmin problemlərin həlli üçün yeni yanaşmalar və texnoloji həllər təklif edən gələcəyin tədqiqatçıları, innovatorları və sahibkarları kimi formalaşmasına xidmət edib.
Forumun elmi-tədqiqat istiqaməti üzrə Mingəçevir Dövlət Universitetinin əsas tədris korpusunda üç tematik panel təşkil olunub.
"Ağıllı şəhər, süni intellekt və rəqəmsal infrastrukturun innovativ həlləri" adlı birinci paneldə müasir şəhərlərin rəqəmsal transformasiyası, süni intellekt texnologiyalarının tətbiqi və ağıllı şəhər konsepsiyasının inkişafı istiqamətində tələbə tədqiqatları müzakirə edilib.
"Riyazi modelləşdirmə, geoinformasiya və ekoloji dayanıqlı şəhər həlləri" adlı ikinci paneldə riyazi modelləşdirmənin praktiki tətbiqi, geoinformasiya texnologiyaları, ekoloji dayanıqlılıq və şəhər mühitinin inkişafına yönəlmiş elmi yanaşmalara diqqət yetirilib.
"Riyaziyyatın gündəlik həyatda tətbiqi, rəqəmsal təhsil və innovativ öyrənmə texnologiyaları" adlı üçüncü paneldə isə fundamental biliklərin praktiki fəaliyyətlə əlaqələndirilməsi, təhsildə rəqəmsal texnologiyaların tətbiqi və innovativ öyrənmə metodları ilə bağlı tələbə tədqiqatları təqdim olunub.
Elmi panellər tələbələrin tədqiqat nəticələrini akademik auditoriyaya təqdim etməsi, elmi müzakirələrdə iştirak etməsi, araşdırma və təqdimat bacarıqlarını inkişaf etdirməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Forumun yekun mərhələsində gün ərzində həyata keçirilən fəaliyyətlərə nəzər salınıb, elmi-tədqiqat və innovasiya sessiyaları üzrə yekun müzakirələr aparılıb.
"Innovation Challenge" - "Tələbə ideyalar marafonu" çərçivəsində nümayiş etdirilən layihələr ekspertlər tərəfindən qiymətləndirilib və müsabiqənin qalibləri müəyyənləşdirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, 1 komanda I yerə, 2 komanda II yerə, 3 komanda isə III yerə layiq görülüb. Beləliklə, ümumilikdə altı komanda təqdim etdikləri innovativ layihələrlə fərqlənərək mükafatlandırılıb.
Qalib komandaların mükafatlandırılması tələbələrin elmi-tədqiqat və innovasiya fəaliyyətinə marağının artırılması, yaradıcı təşəbbüslərinin stimullaşdırılması, universitetlərarası sağlam rəqabət mühitinin formalaşdırılması və perspektivli ideyaların gələcək inkişafının təşviq edilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Həmçinin forumun təşkilinə və keçirilməsinə dəstək göstərən şəxslər və forum iştirakçıları təltif olunublar.
"Tələbə Tədqiqatları və İnnovasiyalar" üzrə I Mingəçevir Forumu məzmunu, çoxşaxəli proqramı, fərqli məkanlarda paralel şəkildə təşkil olunan fəaliyyətləri, sənaye nümayəndələri ilə birbaşa görüşləri, ekspert sessiyaları, interaktiv debatları, ideyalar marafonu və elmi panelləri ilə ənənəvi akademik tədbir formatından fərqlənib.
Forum elmi tədqiqat, innovasiya, texnologiya, sahibkarlıq və sənaye əməkdaşlığını vahid platformada birləşdirməklə tələbə ideyalarının akademik auditoriyadan real sektorun gündəliyinə daşınması istiqamətində mühüm təşəbbüs olub.
Bu təşəbbüs Mingəçevir Dövlət Universitetinin müasir tədqiqat və innovasiya ekosisteminin formalaşdırılması, universitet-sənaye inteqrasiyasının gücləndirilməsi və gənclərin gələcəyin elmi-texnoloji çağırışlarına hazırlanması istiqamətində həyata keçirdiyi strateji fəaliyyətin növbəti mərhələsi kimi xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, I Mingəçevir Forumu müxtəlif universitetlərin tələbələrini ortaq elmi və innovativ məqsədlər ətrafında birləşdirməklə Mingəçevirin elm, təhsil, texnologiya və innovasiya mərkəzi kimi inkişafına töhfə verən, gələcəkdə davamlı əməkdaşlıq imkanları yaradan yeni platformanın əsasını qoyub.