ABŞ-də on ildən çox müddət ərzində qan xərçəngindən əziyyət çəkdiyini iddia edərək müalicəsi üçün pul toplayan 34 yaşlı Leksi Tomas saxlanılıb. Bu müddət ərzində ona yüz minlərlə dollar ianə edilib.
Oxu.Az "The Banner" nəşrinə istinadən xəbər verir ki, istintaq orqanları qadının əslində xərçəng xəstəsi olmadığından və xəstəliklə bağlı hekayələri pul əldə etmək məqsədilə uydurduğundan şübhələnirlər.
Məlumata görə, Leksi Tomas mütəmadi olaraq sosial şəbəkələrdə müalicəsi ilə bağlı paylaşımlar edib, xeyriyyə kampaniyaları təşkil edib və tibbi tədqiqatlarda iştirak etdiyini bildirib.
O, qohumlarına və dostlarına iştirak etdiyi tibbi proqramın son dərəcə məxfi olduğunu, bu səbəbdən prosedurlar zamanı heç kimin onu müşayiət edə bilməyəcəyini deyib. Bununla belə, qadın bəzən itini özü ilə aparıb.
Üç il ərzində onun hekayəsini araşdıran "The Lexi CON" podkastının müəllifləri iddia edirlər ki, Tomas həkimlərlə yazışmaları saxtalaşdırıb, hətta bəzi mesajları məşhur amerikalı həkim Entoni Fauçidən göndərilmiş məktublar kimi təqdim edib.
İddialara görə, qadın müalicəsi ilə bağlı paylaşımlarında həqiqi onkoloji xəstələrin fotolarından istifadə edib və həmin şəkillərdə onların üzlərini öz üzü ilə əvəzləyib.
Ehtimal olunan dələduzluqdan Leksinin əri də xəbər tutub. Oktyabr ayında o, həyat yoldaşının heç vaxt xərçəng xəstəsi olmadığını bildirərək nikahın ləğvini tələb edib.
Ərinin sözlərinə görə, qadının illərlə müalicə aldığını iddia etdiyi klinikalarda onun pasiyent olması ilə bağlı heç bir qeyd aşkar edilməyib.
Leksi Tomas Merilend ştatında həbs olunub. Ona qarşı iki epizod üzrə oğurluq ittihamı irəli sürülüb.
İş materiallarında qadının bacısı və ərinin valideynləri də daxil olmaqla, 20-dən çox ehtimal olunan zərərçəkənin adı çəkilir.
Hazırda qadın girov müqabilində azadlığa buraxılmaq hüququ olmadan həbsdə saxlanılır. Onun işi üzrə ilk məhkəmə iclası dekabrın 2-nə təyin edilib.