İnternet keçidlərinin qısaldılması üçün istifadə olunan "Bitly" xidməti sosial şəbəkələrdə baş vermiş kiberinsidentlərlə bağlı açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, şirkət hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
"Bu gün müəyyən etdik ki, sistemdəki problem bədniyyətli şəxslərə bəzi köhnə və qeyri-aktiv keçidlərdən yenidən istifadə edərək insanları ilkin paylaşımlarla əlaqəsi olmayan məzmunlara yönləndirmək imkanı verib. Bununla əlaqədar dərhal müvafiq hesabların fəaliyyətini dayandırmışıq və hazırda müdaxiləyə məruz qalmış keçidləri deaktiv edirik. Etimad və Təhlükəsizlik komandamız problemin aradan qaldırılması və gələcəkdə oxşar sui-istifadə hallarının qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində işlərini davam etdirir", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, noyabrın 15-də bir sıra iri şirkətlərin, eləcə də ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrdəki köhnə paylaşımlarında yerləşdirilən qısa keçidlər kiberhücum nəticəsində dəyişdirilib. İstifadəçilər həmin keçidlər vasitəsilə ilkin paylaşımlarla əlaqəsi olmayan səhifələrə yönləndiriliblər.