Son günlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiyadan keçməməsi ilə bağlı mediada məlumatlar yayılıb.
Belə ki, Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatda 2025-2026-cı tədris ili üzrə institusional akkreditasiya qiymətləndirilməsi keçirilən ali təhsil müəssisələri sırasında Dövlət İdarəçilik Akademiyasının da adı yer alıb. Yayılan məlumatlarda akademiyanın qiymətləndirmədən mənfi nəticə aldığı bildirilib.
Oxu.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq ali təhsil müəssisələrinin akkreditasiyasının qrafik üzrə aparıldığı deyilib.
"Son günlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri ilə bağlı mediada, sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, ali təhsil müəssisələrinin akkreditasiyası qrafik üzrə aparılır və akkreditasiyanın nəticələri Akkreditasiya Şurasının iclasında müzakirə olunaraq qərar qəbul edilir. Şuranın qərarları barədə Elm və Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə rəsmi məlumat verilir.
Bununla əlaqədar, akademiyanın institusional akkreditasiya qiymətləndirilməsinin nəticələri barədə yayılan məlumatların rəsmi qərar kimi təqdim olunması düzgün deyil. Məsələ ilə bağlı ictimaiyyətə yalnız səlahiyyətli qurumların rəsmi məlumatlarına istinad etməyi tövsiyə edirik", - açıqlamada qeyd olunub.