Ombudsman vəzifəsinə namizədlərin adları açıqlanıb. Namizədlər hazırkı ombudsman Səbinə Əliyeva, hüquqşünas alim, professor, hüquq elmləri doktoru və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi və Məhkəmə-Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır
Oxu.Az Ombudsman vəzifəsinə namizədlərin dosyelərini təqdim edir:
Səbinə Əliyeva 2019-cu ildən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Asiya Ombudsman Assosiasiyasının vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin üzvüdür. O, 1980-ci il mayın 7-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. 2009-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb. Səbinə Əliyeva 2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən 2019-cu ilə qədər aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Ceyhun Qaracayev hüquqşünas alim, professor, hüquq elmləri doktoru və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin keçmiş hakimidir. O, 1965-ci il iyunun 20-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1982-ci ildə Bakı Şəhər Məhkəməsində iclas katibi vəzifəsində başlayıb. 1987-ci ildə İ.İ.Meçnikov adına Odessa Milli Universitetinin Hüquq fakültəsinə daxil olan şəxs 1990-cı ildə təhsilini Bakı Dövlət Universitetində davam etdirib və 1993-cü ildə həmin ali təhsil müəssisəsinin Hüquq fakültəsini bitirib. Daha sonra Odessa Dövlət Hüquq Akademiyasının aspiranturasında elmi fəaliyyətlə məşğul olub. O, əmək fəaliyyətinin növbəti mərhələsində Odessa Dövlət Hüquq Akademiyasının Konstitusiya hüququ kafedrasında müəllim, assistent və dosent vəzifələrində çalışıb.

Elşanə Vəliyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi və Məhkəmə-Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin üzvüdür. O, 1975-ci ildə Biləsuvar rayonunda anadan olub. 1994-2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsində ikinci dərəcəli mütəxəssis kimi başlayıb. 1993-1998-ci illərdə həmin məhkəmənin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi şöbəsində məsləhətçi, 1998-2000-ci illərdə İqtisad Məhkəməsində baş mütəxəssis, 2000-2007-ci illərdə isə məhkəmə iclas katibi vəzifəsində çalışıb. 2007-ci ildə hakim vəzifəsinə təyin olunan şəxs 2010-cu ilədək Nərimanov Rayon Məhkəməsində fəaliyyət göstərib. 2010-2017-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi kimi fəaliyyətini davam etdirir. 2023-cü ildən isə Hakimlərin Seçki Komitəsinin üzvüdür.
