Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi oktyabrın 26-da keçirilən "Qalatasaray" - "Fənərbağça" qarşılaşmasından sonra qeydə alınan hadisələrlə bağlı yekun qərarlarını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qurum yarışın yekun fitindən sonra əlbəyaxa dava edən "Qalatasaray"ın müdafiəçisi Abdülkerim Bardakçı və "Fənərbağça"nın futbolçusu Arçi Braun barəsində həm matçlardan kənarlaşdırma, həm də pul cəriməsi tətbiq edib. Qərara əsasən, Bardakçı 2 rəsmi görüşdən məhrum edilib və ona 67 min lirə (təxminən 2 200 manat) məbləğində cərimə kəsilib. Braun isə 3 rəsmi matç buraxacaq və əlavə olaraq 100 min lirə (təxminən 3 405 manat) pul cəriməsi ödəyəcək.
Qəbul edilən qərarın ən maraqlı məqamı hər iki futbolçunun intizam məsuliyyətinə cəlb olunma maddəsinin dəyişdirilməsidir. Əvvəlcə sözügedən oyunçuların 44-cü maddədə nəzərdə tutulan "hücum" ittihamı ilə cəzalandırılacağı gözlənilirdi. Lakin komitə baş verənləri 45-ci maddədə qeyd olunan "dava" çərçivəsində qiymətləndirərək cəzaları kəsib.
Bundan əlavə, derbi zamanı meydanda baş verən insidentlər, qeyri-etik şüarların səsləndirilməsi və təlimatlara zidd hərəkətlərə görə hər iki kluba maliyyə sanksiyaları tətbiq edib. Nəticədə "Qalatasaray" ümumilikdə 2 milyon 120 min (təxminən 72 min manat), "Fənərbağça" isə 1 milyon 277 min 500 lirə (Təxminən 43 min 504 manat) məbləğində cərimələnib.
Qeyd edək ki, Superliqanın IX turu çərçivəsində baş tutan "Qalatasaray" - "Fənərbağça" derbisində meydan sahibləri 2:1 hesablı ilə qələbə qazanıblar. Oyunun başa çatmasını bildirən fitdən sonra idmançılar arasında yaranan mübahisə anidən kütləvi davaya çevrilib.