Əbu-Dabidə rusiyalı MMA döyüşçüləri Usman və Ömər Nurməhəmmədovların da adının hallandığı kütləvi dava ilə bağlı məhkum edilən səkkiz nəfər azadlığa buraxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Əbu-Dabi Məhkəmə Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət məhkəməsi səkkiz nəfərin əvvəlki cəzasını dəyişdirərək hər biri üçün 150 min dirhəm (təxminən 70 min manat) məbləğində cərimə müəyyən edib.
Qərar dava iştirakçılarının qarşılıqlı şikayətlərindən imtinası və zərərçəkmiş şəxsin məhkumların azadlığa buraxılması ilə bağlı Əbu-Dabi hakimiyyətinə müraciətindən sonra qəbul olunub.
Qeyd edək ki, hadisə "Real American Freestyle" (RAF) təşkilatının Əbu-Dabidə keçirdiyi media günü zamanı baş verib. Merab Dvalişvili müsahibə verərkən Usman Nurməhəmmədov və onun ətrafındakı şəxslər gürcüstanlı döyüşçüyə yaxınlaşıblar. Bundan sonra tərəflər arasında dava düşüb və hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Daha əvvəl hadisə ilə bağlı 10 nəfər məhkum edilmişdi. Onlardan səkkizi həbs cəzası almış, iki nəfər isə cərimələnmişdi.