Keçmiş UFC çempionu Merab Dvalişvili sosial şəbəkə hesabının hekayələr ("story") bölməsində Əhməd Hacımaqomedova müraciət edərək onun ailəsinin ünvanına səsləndirdiyi təhqirlərə görə üzr istəyib. Gürcüstanlı idmançı bir müddət sonra həmin paylaşımı silsə də, müraciətin mətni internetdə geniş yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
"Əhməd, aramızda yaşanan insidentdən sonra nə baş verdiyini hər ikimiz bilirik: biz əl sıxışdıq və problemi həll etdik. Lakin bundan sonra mənim sənin ailəni təhqir etdiyimi göstərən video ortaya çıxdı. Mən sadəcə buna görə üzr istəmək istəyirəm. Belə bir niyyətim yox idi. Sən məni tutaraq başqa dildə qışqırmağa başlayanda, sənin kim olduğun barədə heç bir fikrim yox idi. Biz bu məsələyə son qoymalıyıq. Çoxlu ortaq dostlarımız var. Əgər görüşmək istəyirsənsə, mənə birbaşa yaz", - deyə Dvalişvili qeyd edib.
Xatırladaq ki, söhbət gürcü döyüşçünün öz vətənində münaqişə yaşadığı Əhməd Hacımaqomedovdan gedir. Həmin vaxt Dvalişvili onun boğazından yapışmışdı. Daha sonra bu hadisə Əbu-Dabidə kütləvi davaya səbəb olmuşdu: Usman Nurməhəmmədov və onun komandası gürcüstanlı idmançı və onun dostu ilə toqquşmuşdu. Həmin davadan sonra Usman və yoldaşları altı ay müddətinə həbs cəzası almışdılar.