Azərbaycanda daha bir vəkil həbs edilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəkil Elçin Əmirov polis tərəfindən tutulub.
9 saylı vəkil bürosunda fəaliyyət göstərən E.Əmirov vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq - təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, 2 gün əvvəl də vəkil Raman Abışov həbs edilmişdi. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.
Xatırladaq ki, Elçin Əmirov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarından Davit İşxanyanın vəkillərindən olub.