MMA döyüşçüsü, gürcüstanlı Merab Dvalişvili rusiyalı həmkarı Usman Nurməhəmmədova və onunla davada iştirak etmiş digər şəxslərə qarşı heç bir ittiham irəli sürmədiyini bildirib.
Oxu.Az-ın xəbərinə görə, M.Dvalişvili bu barədə öz "X" səhifəsində paylaşım edib.
"Bu məsələnin həllində göstərilən köməyə görə Əbu-Dabidəki hər kəsə təşəkkür etmək istəyirəm. Mən Əbu-Dabini ziyarət etməyi sevirəm və şadam ki, burada məni qəbul edirlər. Ümid edirəm ki, onlar hamını azad edəcəklər - mən heç bir ittiham irəli sürməmişəm", - deyə o qeyd edib.
Noyabrın 13-də Usman Nurməhəmmədov BƏƏ-də altı ay müddətinə həbs edilib. Əbu-Dabi Məhkəməsinin məlumatına görə, Nurməhəmmədovdan başqa, davada iştirak edən daha yeddi nəfər həbs olunub. Məhkəmə həmçinin onlara ictimai asayişi pozduqlarına və həyati təhlükə yaratdıqlarına görə böyük cərimələr təyin edib. Kütləvi davadan sonra saxlanılan gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişvili azadlığa buraxılıb.
Qeyd edək ki, insident noyabrın 11-də Əbu-Dabidəki hotellərdən birinin foyesində baş verib. Müsahibə zamanı Dvalişviliyə yaxınlaşan Usman Nurməhəmmədov ona zərbə endirib. Bundan sonra idmançıları müşayiət edən şəxslər arasında kütləvi dava başlayıb.