Ermənistan siyasi gündəmi yenidən qarışıb. Bu dəfə əsas müzakirələr ölkənin yeni konstitusiyası ilə bağlıdır. Baş nazir Nikol Paşinyanın konstitusiyanın dəyişdirilməsi və yeni layihənin müzakirəyə təqdim olunacağına dair bəyanatı Bakıda da diqqətlə izlənilir. Səbəb isə çox sadədir. Yekun sülh müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün Ermənistanın ana qanununda Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Paşinyanın iki seçimi
Son parlament seçkisindən əvvəl Ermənistan konstitusiyasında dəyişiklik üçün Paşinyanın iki seçimi var idi. Birincisi, parlamentdə mütləq çoxluğu əldə etmək, digəri isə yeni referendum keçirtmək. Baş nazir seçkidə qələbə qazansa da, əlində olan mandat sayı dəyişikliklərin parlament səviyyəsində reallaşdırılması şansını azaldıb. Alternativ variant kimi indi referendumun təşkili qabardılır. Artıq yeni konstitusiya layihəsi ilə bağlı Azərbaycanın da diqqətini cəlb edə biləcək bəzi məqamlar açıqlanıb.

"Joxovurd" qəzeti hakim partiyanın qapalı iclasındakı müzakirələrin yekunlarına istinadən məlumat yayıb ki, Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın yer almayacağı yeni konstitusiya layihəsi gələn həftə ictimaiyyətə təqdim olunacaq. Nəşrin məlumatına görə, hakim Vətəndaş Müqaviləsi Partiyasında yeni konstitusiya layihəsinin bir sıra müddəaları ilə bağlı müzakirələr davam edir.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var.
Fransa və Türkiyə səfərlərindən sonra
İndi əsas sual budur ki, Ermənistanın hazırkı iqtidarı bu məsələdə nə dərəcədə səmimidir? Paşinyan həqiqətən də yekun sülhə yaşıl işıq yandıracaq bu dəyişiklikləri edəcəkmi, yaxud buna qadirdirmi?

Son bir neçə ay ərzində Paşinyanın istər Ermənistanda qüvvədə olan konstitusiya, istərsə də Müstəqillik Bəyannaməsi ilə bağlı bəyanatları diqqət çəkir. Oktyabrın sonlarında keçirdiyi brifinqdə o, ölkənin Müstəqillik Bəyannaməsinin mətninin dövlət əleyhinə olduğunu açıq şəkildə bildirib. "Bu mətnlə müstəqil dövlətin mövcudluğu qeyri-mümkündür", - Paşinyan bildirib. O qeyd edib ki, ölkənin yeni konstitusiyasının qəbul olunması Mülki Müqavilə Partiyasının seçkiqabağı proqramına daxil idi. Baş nazir əlavə edib ki, konstitusiyanın yeni layihəsi yaxın vaxtlarda dərc olunacaq.
Bir maraqlı məqam da ondan ibarətdir ki, yeni konstitusiya layihəsinin ictimaiyyətə açıqlanacağı vaxt Paşinyanın Fransa və Türkiyə səfərlərindən dərhal sonra dövriyyəyə buraxılıb. İstər Emmanuel Makron, istərsə də Rəcəb Tayyib Ərdoğanla görüşdə əsas müzakirə olunan məsələlərdən birinin məhz Azərbaycanla sülh prosesi olduğu bəyan edilib. Bu çərçivədə sülhə əngəl olan maneələrin aradan qaldırılmasının da gündəmə gətirildiyi istisna deyil.

Dəyişikliyə qarşı çıxanlar
Ermənistan daxilində sülh prosesinə, o cümlədən konstitusiya dəyişikliyinə qarşı çıxan qüvvələrin keçmiş işğalçı rejiminin qalıntıları olduğu hər kəsə bəllidir. Bu qüvvələrin başında ilk növbədə Koçaryan-Sarqsyan tandemi, həmçinin Rusiyanın dəstək verdiyi oliqarxlar, o cümlədən kilsə-diaspor ittifaqı dayanır. Bu gün həmin qüvvələrin istər referendum, istərsə də parlament çərçivəsində sülhə yol aça biləcək mümkün konstitusiya dəyişikliklərinə qarşı hansı addımlar atmaq imkanında olduqları da maraq doğurur. Paşinyanın bu qüvvələrə qarşı siyasi iradə nümayiş etdirmək iqtidarında olub-olmadığı da ayrıca bir sual işarəsidir. Lakin Ermənistan daxilində cərəyan edən son proseslərə diqqət yetirsək görərik ki, Paşinyan iqtidarı seçkidən sonra bu qüvvələrə qarşı müəyyən üstünlük əldə etməyi bacarıb. Qarabağ canilərindən Koçaryan, Rusiyanın dəstəklədiyi oliqarxlar həbsdə, Sarqsyan və kilsə rəhbərliyi isə istintaq altındadır. Diaspor isə münaqişə həllini tapdığı üçün əvvəlki təsir rıçaqlarına malik deyil.

Növbədənkənar parlament seçkisi ehtimalı
Bu məsələ ilə bağlı Ermənistan siyasi gündəmində daha bir maraqlı məqam diqqət çəkir: növbədənkənar parlament seçkisinin təşkili. Müxalifət, xüsusilə də revanşistlər bloku qəti şəkildə bu ideyaya qarşı çıxırlar. Səbəb isə hazırkı parlamentdə sülhü əngəlləmək üçün müəyyən üstünlüyə malik olmalarıdır. Lakin Paşinyan iqtidarı bu ideyanı heç də qeyri-mümkün saymır. Ermənistanın baş naziri ölkədə yeni konstitusiyanın qəbulu üçün növbədənkənar parlament seçkisinin keçirilməsi imkanını istisna etmir. "Biz yeni layihəni parlamentə göndərəcəyik. Burada alınmasa, başqa ssenariləri, o cümlədən növbədənkənar seçkinin təşkili imkanını nəzərdən keçirəcəyik" - deyə, o bildirib.

Ermənistan vətəndaşlarının yarıdan çoxu da növbədənkənar parlament seçkisinin təşkilini zəruri sayır. "Gallup" təşkilatının apardığı sorğunun nəticələrinə əsasən, sorğu iştirakçılarının 33.6 %-i növbədənkənar seçkinin birmənalı şəkildə zəruri olduğunu, daha 17.1 %-i isə çox güman ki, buna ehtiyac olduğunu hesab edir.
Beləliklə, artıq Ermənistanda konstitusiya dəyişiklikləri və bu çərçivədə sülhə əngəl yaradan ərazi iddiaları maneəsinin aradan qaldırılacağının anonsu verilib. Bu təşəbbüsdə Paşinyanın nə dərəcədə səmimi düşündüyünü, həmçinin Ermənistan cəmiyyətinin Azərbaycanla sülhə nə dərəcədə hazır olduğunu isə qarşıdakı aylar göstərəcək.