Abşeronun Qobu qəsəbəsində yolun bir gecədə qazılması və asfaltlanması sakinlərdə narazılıq yaradıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, kanalizasiya xəttinin dəyişdirilməsi məqsədilə yolun bir hissəsi qazılıb. Lakin sakinlər iddia edirlər ki, qazıntı işləri yekunlaşdıqdan sonra ərazi normalara və texniki tələblərə uyğun şəkildə bərpa edilməyib, qazılan hissənin üzəri sadəcə örtülərək asfaltlanıb.
Vətəndaşların narahatlığına səbəb görülən işlərin keyfiyyətidir. Onların fikrincə, bu cür təmirlə yol davamlı olmayacaq və yağış yağan kimi asfalt örtüyünün dağılması, həmin hissənin yenidən çökməsi mümkündür.
Sakinlər aidiyyəti qurumların görülən işlərin keyfiyyətini yoxlamasını və yolun texniki normalara uyğun bərpasını tələb edirlər.