Opera müğənnisi və bəstəkar Çeyz Teylor reper Kanye Uestə qarşı məhkəmə iddiası qaldırıb. Teylor iddia edir ki, 2019-cu ildə Uest onu ABŞ-nin Vayominq ştatında məktəb orkestrinin məşq otağına kilidləyərək bibliya mövzulu "Navuxodonosor" operası üçün cəmi dörd gün ərzində musiqi yazmağa məcbur edib.
Oxu.Az "Rolling Stone" jurnalına istinadən xəbər verir ki, nəşrin sərəncamında iddia ərizəsinin mətni var.
İddia ərizəsinə əsasən, əvvəlcə Kanye Uest Çeyz Teyloru operada solo partiyanı ifa etməyə dəvət edib. Musiqiçi həmin vaxt operanın artıq tam hazır olduğunu düşünüb.
Çeyz Teylor məşqlərin başlamasına bir həftə qalmış Şimali Karolinadan Vayominqə uçub. Onu orta məktəbə apararaq orkestrin məşq otağına yerləşdirib və qapını bağlayıblar. Yalnız bundan sonra musiqiçiyə operanın hələ hazır olmadığı və musiqi partiyalarının böyük hissəsini cəmi dörd gün ərzində yazmalı olduğu bildirilib.
"Teylorun tabe olmasını təmin etmək üçün cavabdehlər, o cümlədən Uest, ona yüksək qonorar, prodüser kimi adının qeyd olunması və gələcək əməkdaşlıq vəd ediblər", - deyə iddia ərizəsində qeyd olunub.
Sənəddə bildirilir ki, Teylor sərbəst buraxılmasını tələb etsə də, müraciətləri nəzərə alınmayıb.
"Navuxodonosor" operasının premyerası 2019-cu ilin noyabrında baş tutub. Kanye Uest əsərini 40 il ərzində Yeni Babil çarlığını idarə etmiş və Qüdsü ələ keçirmiş II Navuxodonosora həsr edib.
Operanın süjeti Bibliyanın "Daniel peyğəmbərin kitabı"nda təsvir olunan hadisələr əsasında qurulub. Reper öz həyatı ilə Babil hökmdarının taleyi arasında birbaşa paralellər aparıb.