Amerikalı reper Kanye Uestə ("Ye" təxəllüsü ilə çıxış edir) qarşı məhkəmə iddiası qaldırılıb.
Oxu.Az TMZ-yə istinadən xəbər verir ki, iddia adını açıqlamayan prodüser tərəfindən verilib.
Prodüser iddia edir ki, Kanye Uest onu "Vultures 2" albomu üzərində ciddi vaxt məhdudiyyəti şəraitində işləməyə məcbur edib, lakin daha sonra gördüyü işin qarşılığını ödəməkdən imtina edib.
İddiaçının sözlərinə görə, o, albomun buraxılmasına cəmi iki gün qalmış layihəyə cəlb olunub və beş mahnının hazırlanmasında iştirak edib. Həmçinin prodüser "Bully" albomunda iki mahnı və yayımlanmayan bir neçə digər kompozisiya üzərində çalışdığını bildirib.
Prodüser, həmçinin qeyd edib ki, Kanye Uest musiqinin hazırlanmasında iştirak edən şəxslərin siyahısında onun adını göstərməyib.