Əslən azərbaycanlı olan məşhur Rusiya repçisi Navai (əsl adı - Nəvai Bəkirov) Yeni il korporativləri üçün qonorarını 6 milyon rubla (120 min manatdan çox) qədər artırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Qazaxıstan səfərinə qədər sənətçinin çıxış qiyməti 4 milyon rubldan (80 min manatdan çox) artıq deyildi. Əsas ödənişdən əlavə təşkilatçılar sənətçi və komandasının yol xərcləri üçün 50 min rubl (təxminən 1 000 manat), həmçinin Moskva və ətraf vilayətlərə avadanlıqların çatdırılması üçün 15 min rubl (təqribən 300 manat) ödəməlidirlər.
Uzaq səfərlər zamanı Navainin komandasının hər bir üzvünə Rusiyada 5 min rubl (təxminən 100 manat), xaricdə isə 100 dollar məbləğində gündəlik xərclik ödənilməlidir.
Xatırladaq ki, repçi oktyabrın 14-də Qazaxıstana giriş edərkən saxlanılmışdı. Sənətçinin idarə etdiyi avtomobildə qadağan olunmuş maddələr tapılmışdı. O, dindirmə zamanı həmin maddələrin ona məxsus olduğunu etiraf etmişdi. Navai müvəqqəti saxlama təcridxanasına yerləşdirilmiş və ona ikiaylıq həbs cəzası verilmişdi. Oktyabrın 20-də ifaçının sərbəst buraxıldığı məlum olmuşdu. Navaiyə qarşı açılmış cinayət işinə xitam verilmiş və o, Rusiyaya deportasiya edilmişdi. Məlumata görə, onun Qazaxıstana girişi beş il müddətinə qadağan edilib.