Repçi Navainin (əsl adı - Nəvai Bəkirov) vəkili müsuqiçi barəsində Qazaxıstanda başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı fikirlərini bölüşüb.
Oxu.Az-ın xəbərinə görə, vəkil Sergey Jorin "Super" nəşrinə müsahibəsində bildirib ki, Navai üçün proses olduqca müsbət başa çatıb: cinayət işi bağlanıb və heç bir ittiham aktı oxunmayıb. Bu isə sənətçinin Qazaxıstan ərazisində cəzalandırılmayacağına dəlalət edir.
"Onun Rusiyada məsuliyyətə cəlb olunma ehtimalına gəldikdə, Bəkirovun burada mütləq şəkildə hər hansı bir təhlükə ilə üzləşəcəyini düşünmək üçün əsas görmürəm. Qazaxıstanda cinayət işinə xitam verilməsi faktı özlüyündə Rusiyada yeni cinayət işinin açılmasına səbəb olmur", - deyə Jorin qeyd edib.
O əlavə edib ki, qanunvericiliyə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 12-ci maddəsi) əsasən, Rusiya vətəndaşı xaricdə törətdiyi cinayətə görə yalnız xarici məhkəmə həmin iş üzrə hələ qərar çıxarmadığı halda məsuliyyətə cəlb edilə bilər. Bununla yanaşı, başqa ölkədə işin bağlanması faktı kifayət etmir: Rusiyada iş başlamaq üçün ayrıca əsaslar və sübutlar tələb olunur.
"Mənim fikrimcə, mövcud şərtlər daxilində hadisələrin bu cür inkişaf etməsinin ehtimalı aşağıdır", - deyə hüquqşünas vurğulayıb.
Sergey Jorin, həmçinin repçinin Qazaxıstana qayıtmaq istəyəcəyi təqdirdə hansı məhdudiyyətlərlə qarşılaşa biləcəyini də açıqlayıb. Qazaxıstan Respublikasının "Əhalinin miqrasiyası haqqında" qanununun 48-ci maddəsinə əsasən, əgər məhkəmə əcnəbinin ölkədən çıxarılması barədə qərar qəbul edibsə, onun girişinə beş il müddətinə qadağa qoyulur - bu müddət çıxarılma qərarının icra edildiyi gündən hesablanır.
"Buna görə də, əgər Bəkirov barəsində məhz məhkəmə tərəfindən ölkədən çıxarılma qərarı qəbul edilibsə, o, növbəti beş il ərzində Qazaxıstana səfər edə bilməyəcək, o cümlədən konsertlər vermək üçün", - deyə Jorin izah edib.
Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin məlumatına görə, Nəvai Bəkirova qarşı cinayət işi onun hüquqpozmanı ilk dəfə törətməsi və peşman olması nəzərə alınaraq dayandırılıb. Qərar prokurorluq tərəfindən təsdiqlənib. Lakin bu, sənətçinin bəraət alması və ya təqsirsiz bilinməsi demək deyil.
Xatırladaq ki, Qazaxıstan məhkəməsi narkotik qaçaqmalçılığında şübhəli bilinən repçi Navai barəsində ikiaylıq həbs qətimkan tədbiri seçmişdi. Bəkirov ölkəyə daxil olarkən, avtomobilinə baxış zamanı qadağan olunmuş maddə aşkar edildiyi üçün saxlanılmışdı.