Qazaxıstanda narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılan azərbaycanəsilli Rusiya ifaçısı Navaiyə (əsl adı - Nəvai Bəkirov) qarşı cinayət işinə "bəraətverici əsaslar olmadan" xitam verilib. Bu isə musiqiçinin təqsirsiz tanınması demək deyil.
Oxu.Az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə Cambul vilayətinin Polis Departamentindən bildiriblər.
"Daxil olan sorğularla əlaqədar bildiririk ki, rusiyalı rep ifaçısına qarşı cinayət işi onun hüquqpozmanı ilk dəfə törətməsi və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq səmimi peşmanlığı nəzərə alınmaqla, bəraətverici əsaslar olmadan dayandırılıb", - deyə polis departamentinin məlumatında qeyd olunur.
Qəbul edilmiş prosessual qərar prokurorluq tərəfindən təsdiqlənib. Navai Qazaxıstan ərazisindən deportasiya edilib.
Bununla belə, ifaçının vəkili Rəna Kərimova müğənninin Qazaxıstandakı istintaq təcridxanasından zaminə buraxılması barədə yayılan məlumatları təsdiqləməyib. Reperin ehtimal olunan azadlığa çıxması ilə bağlı suala hüquqşünas REN TV-yə açıqlamasında bu barədə heç bir məlumatı olmadığını deyib.
Daha əvvəl "SHOT" "Telegram" kanalı məhkəmənin həbsdə olan Bəkirovun qətimkan tədbirini dəyişdirdiyini və guya onu pul girovu müqabilində sərbəst buraxdığını xəbər vermişdi.
Xatırladaq ki, Qazaxıstan məhkəməsi narkotik qaçaqmalçılığında şübhəli bilinən repçi Navai barəsində ikiaylıq həbs qətimkan tədbiri seçmişdi. Bəkirov ölkəyə daxil olarkən, avtomobilinə baxış zamanı qadağan olunmuş maddə aşkar edildiyi üçün saxlanılmışdı.
Qazaxıstanda istintaq təcridxanasında saxlanılan reper Navai (Nəvai Bəkirov) girov müqabilində azadlığa buraxılıb.
Bu barədə Oxu.Az "Baza" "Telegram" kanalına istinadən xəbər verir.
Qeyd edək ki, tanınmış ifaçı oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana keçərkən "Korday" sərhəd-keçid məntəqəsində saxlanılmışdı.
Avtomobilin sürücü oturacağının cibindən 2.5 qram marixuana aşkar edilib. Nəqliyyat vasitəsində Navainin özü, meneceri və sürücüsü olub. Hər üç şəxs əvvəlcə saxlanılsa da, bir müddət sonra sürücü və menecer sərbəst buraxılıblar.
Navai dindirmə zamanı qanunsuz maddələri Bişkekdə aldığını etiraf edib. Saxlanıldıqdan qısa müddət sonra onun barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib. Məhz bu səbəbdən reperin oktyabrın 14-də Astanada baş tutmalı olan konserti ləğv edilib, qastrol çərçivəsindəki digər çıxışları isə başqa vaxta keçirilib.