Kür çayında suyun səviyyəsinin yüksəlməsi Sabirabad və Salyan rayonlarında narahatlıq yaradıb. Çayın sahilboyu ərazilərə daşması nəticəsində bəzi meşəlik sahələr su altında qalıb.
Oxu.Az-a məlumat verən sakinlərin sözlərinə görə, suyun səviyyəsinin yüksəlməsi, xüsusilə, Sabirabad rayonunun Poladtuğay kəndi ərazisində müşahidə olunur.
Bildirilib ki, sahilboyu tuqay meşələrinin bir hissəsi artıq su altında qalıb, əkin sahələri isə ciddi təhlükə ilə üz-üzədir. Sakinlərin sözlərinə görə, suyun səviyyəsi hər gün 5-10 santimetr yüksəlir. Bəzi ərazilərdə isə artım 1,5 metrə çatıb.
Əkin sahələrini qorumaq məqsədilə sakinlər torpaqla doldurulmuş kisələrdən istifadə edirlər. Onlar suyun səviyyəsinin bu sürətlə yüksəlməyə davam edəcəyi təqdirdə əkin sahələrinin də su altında qalacağından ehtiyat edirlər.
Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, mövcud vəziyyət nəzarətdə saxlanılır. Əraziyə baxış keçirilib və hazırda yaşayış məntəqələri üçün təhlükə qeydə alınmayıb. Ehtiyac olan ərazilərdə bəndlərin möhkəmləndirilməsi işləri aparılır.
Qeyd edək ki, Kür çayında suyun səviyyəsinin yüksəlməsi Salyan rayonunda da müşahidə olunur. Çayın məcrasından çıxması nəticəsində tuqay meşələrinin bir hissəsi su altında qalıb.
İqbal Ziya