Albaniyanın paytaxtı Tiranada şənbə günü hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Oxu.Az AFP-yə istinadən xəbər verir ki, maskalı gənclər hökumət binalarına hücum edib və polis əməkdaşları ilə toqquşublar.
Minlərlə insanın iştirak etdiyi aksiya Albaniyanın Müstəqillik Günündə təşkil olunub. Nümayişçilər ölkənin Baş naziri Edi Ramanın istefasını tələb ediblər.
Etirazçılar polis əməkdaşlarına daş, tüstü qumbaraları və fişənglər atıblar. Polis isə gözyaşardıcı qazdan, bibər qazından və su şırnaqlarından istifadə edərək nümayişçiləri dağıtmağa çalışıb. Hadisə yerində lentə alınan görüntülərdə paytaxtın əsas prospektinin sıx tüstüyə büründüyü görünür.
Albaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalar nəticəsində səkkiz nəfər xəsarət alıb. Yaralılar arasında bir polis əməkdaşı və iki jurnalist də var.
Qeyd edək ki, noyabrın 28-də Albaniya müstəqilliyinin elan edilməsinin 114-cü ildönümünü qeyd edir.