Oğuz rayonunda 29 yaşlı oğlan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edib.
Oxu.Az demokrat.az-a istinadla xəbər verir ki, İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Tural 2024-cü ilin yay aylarında Oğuz rayonunun kəndlərindən birində Ənvərə məxsus evin həyətyanı sahəsində və qonaq otağında yetkinlik yaşına çatmayan Pərvanəyə (adlar şərtidir - red.) qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib.
Tural barəsində Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə izahat verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, 2022-ci ilin payız aylarında Sumqayıt şəhərində işləyib. İş yoldaşına SMS göndərən zaman səhvən həmin mesajı başqa şəxsə - iş üzrə zərərçəkmiş Pərvanənin anasına göndərib və daha sonra həmin nömrəyə zəng edib.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan iki-üç gün sonra həmin nömrədən cavab verən xanımla yazışıb və əlaqə saxlayıb:
"Bu zaman bir-birimizdən xoşumuz gəldi. Aramızda tanışlıq yarandığı üçün və həmin qıza qarşı ciddi fikrim olduğu üçün bu məsələni valideynlərimizə bildirməyi təklif etdik".
Turalın sözlərinə görə, 2023-cü ilin iyun ayında ailə üzvləri - anası, nənəsi, xalası və əmisi oğlu ilə Pərvanənin yaşadığı Oğuz rayonunun kəndində yerləşən evə gediblər:
"Ailə üzvlərim ailə qurmağımızla bağlı söhbət etdilər. İlk əvvəl Pərvanənin atası Ənvər qızının yaşı az olduğu üçün ailə qurmaq məsələsinə razılıq vermədi. Lakin sonradan ümumi söhbət əsnasında dedilər ki, Pərvanənin 18 yaşı tamam olduqdan sonra bu məsələ ilə bağlı fikir bildirəcəklər.
Bundan bir müddət sonra, təxminən 2024-cü ilin yay aylarında anamla birlikdə yenidən Pərvanəgilə getdim. Həmin vaxt Pərvanənin ailəsi yalnız anamı evlərinə qonaq dəvət etsə də, mən də darıxdığım üçün onunla birlikdə getdim. Evdə Pərvanə və onun anası olub. Həmin vaxt Pərvanəgilə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki bağda və evdə xatirə qalması üçün onunla şəkillər çəkdim və şəkillərdə əks olunan hərəkətləri etdik".
Tural bildirib ki, bir müddət onların münasibətləri yaxşı olub və telefonla əlaqə saxlayıblar. Lakin 2024-cü ilin sonlarından etibarən Pərvanəyə təhsil almayacağını və müxtəlif yerlərə, məclislərə getməyəcəyini bildirib:
"Bundan sonra Pərvanənin ailə üzvləri buna qəti narazılıq etdi. Aramızda bu səbəbdən narazılıq yarandı. Bundan sonra əlaqələrimiz kəsildi.
Pərvanə və onun ailəsi ilə münasibətlərimizi yoluna qoymaq üçün əvvəllər xatirə kimi çəkmiş olduğumuz şəkilləri onun dayısı Mədətə göndərdim. Pərvanəni çox istədiyimi, ona qarşı fikrimin ciddi olduğunu, onunla ailə qurmaq niyyətimin olduğunu və bu işdə köməklik etməsini dayısından xahiş etdim.
Video və şəkillərdə Pərvanəni öpməyimlə bağlı hərəkətlərin xatirə kimi çəkilməsi və həmin görüntüləri onun dayısına göndərməyimin səbəbi münasibətləri bərpa etmək olub. Yəni bu hərəkəti etməklə onun ailəsinə hədə-qorxu gəlmək niyyətim olmayıb. Münasibətlərimin ciddi olduğunu, gələcəkdə Pərvanə ilə ailə qurmaq fikrimin olduğunu bildirmək üçün şəkilləri göndərmişəm".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda etdiyi hərəkətlərə görə peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini və onunla barışdığını bildirib.
İş üzrə zərərçəkmiş Pərvanə ifadəsində göstərib ki, 2022-ci ilin sonlarında anasına məxsus telefona səhv mesaj gəlib:
"İlk əvvəl elə bildim ki, həmin şəxs qohumumdur. Həmin dövrdə müəllim yanına hazırlığa getdiyim üçün anamın mobil telefonu məndə olub. Bu səbəbdən də zəng edən şəxsə özüm cavab verdim. Bundan sonra həmin şəxsin adının Tural olduğunu bildim. Onunla tez-tez əlaqə saxlayaraq danışdıq. Aramızda münasibət yarandı.
Tural valideynlərinin tanış olmaq üçün yaşadığımız kəndə gəlmək istədiklərini dedi. Mən isə ona atamın buna razı olmadığını söylədim. Buna baxmayaraq, iki-üç gün sonra Turalın ailəsi bizə gəldi. Atam isə nikah təklifinə razı olmadı".
Pərvanə qeyd edib ki, 2023 və 2024-cü illərdə müxtəlif vaxtlarda Tural anası ilə onların yaşadığı evə gəlib:
"Tək olan zaman evdə və həyətdə xatirə qalması üçün Turalla şəkillər çəkdirdik. Həmin zaman Tural mənə qarşı intim hərəkətlər etdi. Həmin hərəkətləri edən zaman bizi heç kim görməyib.
Yaşımın az olması ilə bağlı atam ailə qurmaq məsələsinə narazılıq bildirdi. Lakin biz bir müddət telefonla danışdıq. Sonradan Tural qısqanclıq edərək digər yerlərə getməyimə razı olmadığını bildirdikdən sonra aramızdakı münasibət kəsildi. Bundan bir neçə gün sonra xatirə kimi çəkilmiş şəkilləri atama və dayıma göndərdi".
Oğuz Rayon Məhkəməsinin hökmü ilə Tural 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.