Albaniyanın paytaxtı Tirananın mərkəzində hökumət əleyhinə etirazçılarla polis arasında toqquşmalar yenidən baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə ATA agentliyi məlumat yayıb.
Məlumata görə, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına səki daşları və yandırıcı qarışıq olan butulkalar atıblar. Polis isə nümayişçilərə qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Tiranada vəziyyət oktyabrın 13-də tələbələrin Təhsil Nazirliyinin binası qarşısında keçirdikləri etiraz aksiyasından sonra gərginləşib. Nümayişçilərlə polis arasında toqquşmalar artıq 10 gündən çoxdur davam edir. Etirazçılar Albaniyanın Baş naziri Edi Ramanın istefasını tələb edirlər.
İğtişaşlar başlamazdan əvvəl də Tiranada hökumət əleyhinə mitinqlər keçirilirdi. 130 gündən çox davam edən etirazlar hökumətin Adriatik dənizi sahilində yerləşən Viosa-Narta qoruq ərazisində kurort tikintisi layihəsinə qarşı yönəlib.