Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən "fahişəlik", "narkotik və stimullaşdırıcı maddə ticarəti", "narkotik və stimullaşdırıcı maddə ilə təmin etmək" və "narkotik maddə istifadə etmək və ya saxlamaq" maddələri üzrə istintaq davam edir.
İstintaq çərçivəsində saxlanılan aktrisalar Burcu Özberk və Deniz Çakır, müğənni Özcan Deniz, Murat Ceylan, Ufuk Gündoğdu, Deniz Sözen, Murat Başoğlu, İbrahim Yılmaz və Onur Yüksel məhkəmə nəzarəti tələbi ilə sərbəst buraxılıblar. Ceylan Kaya adlı müğənni şübhəli şəxs qismində həbs edilib.
Həmçinin Özcan Deniz və Deniz Çakırın prokurorluqda verdikləri ifadələr ortaya çıxıb.
Bu barədə Oxu.Az NTV.com nəşrinə istinadən məlumat verir.
Özcan Deniz birjada və ya fondda öz adına hər hansı hesabın olmadığını bildirib. O, öz adına qeydiyyatda 7-8 daşınmaz əmlak və bir nəqliyyat vasitəsinin olduğunu deyib. Təxminən iki ildir ürək xəstəliyindən əziyyət çəkdiyini və reseptli dərmanlardan istifadə etdiyini diqqətə çatdırıb.
Təxminən 35 ildir peşəkar sənətçi olduğunu vurğulayan Özcan Deniz "Mən qətiyyən narkotik maddə istifadə etmirəm, belə insanlarla da eyni mühitdə olmamışam, narkotik satan və ya vasitəçi kimi çıxış edənlərlə birbaşa və ya dolayı şəkildə heç vaxt heç bir əlaqəm olmayıb", - deyib.
Aktrisa Deniz Çakır da ifadəsində özünə qarşı irəli sürülən ittihamları qəbul etməyib.
O, reseptli dərmanlarının olduğunu, narkotik maddə istifadəçisi olmadığını və satan heç kimi tanımadığını bildirib.
Aktrisa Burcu Özberk ifadəsində hava limanında saxlanıldığını, intensiv serial çəkilişlərində olduğunu, həyatını ev və iş arasında yaşadığını qeyd edib.
Özberk gecələr nadir hallarda çölə çıxdığını və narkotik maddələrin istehlak olunduğu mühitlərdə görünmədiyini vurğulayıb.
Burcu Özberk yaşıl reseptli dərmanlar və ya narkotik maddələrdən istifadə etmədiyini önə sürərək ittihamlarla razılaşmayıb.
Xatırladaq ki, daha əvvəl İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin Araşdırılması Bürosu tərəfindən qeyd edilən istintaq çərçivəsində aralarında Özcan Deniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş, aktrisalar Deniz Çakır və Burcu Özberkin də olduğu 35 şübhəli şəxs barəsində saxlanılma qərarı verilmişdi.