Ermənistan Nazirlər Kabineti ilə ABŞ-nin "TRIPP Development Company" (TDC) US şirkəti arasında imzalanacaq "TRIPP İnkişaf Şirkəti" QSC-nin yaradılması haqqında səhmdarlar sazişi layihəsi təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Qərara əsasən, Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinə hökumət adından bu müqaviləni bağlamaq səlahiyyəti verilib. Müəssisə "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) layihəsi üzrə Ermənistan-ABŞ strateji əməkdaşlığına dair çərçivə sazişi daxilində təsis edilir.
Sənəd 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-də isə İrəvanda imzalanıb, oktyabrın 28-də ratifikasiya edilib və noyabrın 11-də qüvvəyə minib.
Səhmdarlar sazişi vasitəsilə tərəflərin səlahiyyətləri, qarşılıqlı əlaqələri və səhmlərlə təsdiqlənən hüquqların həyata keçirilməsi xüsusiyyətləri müəyyənləşdiriləcək.
Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyanın sözlərinə görə, şirkətin şurası beş nəfərdən ibarət olacaq və onlardan ikisini Ermənistan tərəfi təyin edəcək.
Saziş hər iki tərəfin razılığı olmadan qərarların qəbul edilə bilmədiyi 16 sahədən ibarət siyahını nəzərdə tutur. Bu cür məsələlər sırasına siyasi əhəmiyyət daşıyan qərarlar, mülkiyyət strukturunda və şirkətin proqramlarında üçüncü tərəflərin iştirakı, investorların seçilməsi, konsessiya müqavilələrinin şərtlərinin müəyyənləşdirilməsi, icra orqanının seçilməsi, satınalma siyasəti və digərləri daxildir.
"Ermənistan hökuməti konsessiya hüquqlarını verən yeganə tərəf olaraq qalır", - deyə Qaleçyan bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan müqavilənin bir həftə ərzində imzalanacağını və bundan sonra şirkətin ölkədə qeydiyyata alınacağını bəyan edib.