Türkiyədə məşhurların iştirak etdiyi iddia edilən narkotik işi üzrə istintaq çərçivəsində 24 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılanlar arasında tanınmış aktyorlar Özcan Deniz, Deniz Çakır və Burcu Özberk də yer alıb.
Oxu.Az-ın "Haber Global"a istinadən verdiyi məlumatına əsasən, ümumilikdə 35 şəxs haqqında saxlanılma qərarı verilib.
Həyata keçirilən əməliyyat nəticəsində 24 şübhəli əvvəlcə tibbi müayinəyə aparılıb, daha sonra isə məhkəməyə təhvil verilib. İş üzrə araşdırmaları İstanbul Prokurorluğu aparır.
İstintaq orqanı şahidlərin ifadələrini, mobil telefonlardan əldə olunan məlumatları və müxtəlif rəqəmsal materialları təhlil edib. Şübhəlilər narkotik vasitələrin istifadəsi, saxlanılması, eləcə də onların yayılmasında təqsirləndirilirlər.
Bildirilir ki, qalan 11 şübhəli şəxsin axtarış və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin Araşdırılması Bürosu tərəfindən fahişəlik, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, istifadəsi və saxlanılması ilə bağlı genişmiqyaslı istintaq noyabrın 24-də başlanıb.