ABŞ nümayəndələri münaqişə bitdikdən sonra təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbi qüvvələrin göndərilməsi və ya hərbi bazaların qurulması ehtimalını istisna ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə özəl mənbələrinə istinadən Ukraynanın "Kyiv Independent" nəşri məlumat yayıb. Nəşrin bildirdiyinə görə, bu fakt həmin zəmanətlərin dəqiq nələrdən ibarət olacağı ilə bağlı Vaşinqton, Kiyev və Avropadakı müttəfiqlər arasında mövcud ixtilafları aşkara çıxarıb.
"Ukrayna lideri Volodimir Zelenski xarici orduların iştirakı olmayan zəmanətlərin Ukraynaya növbəti Rusiya hücumuna qarşı etibarlı müdafiə təmin etməyəcəyindən narahatdır", - deyə məlumatda qeyd olunur.
"Kyiv Independent" yazır ki, Zelenski ölkə ərazisində qoşun və ya baza olmadan ABŞ-nin verəcəyi öhdəliklərin hansı məna kəsb edəcəyini başa düşmədiyini vurğulayıb.
Ukrayna nəşri iddia edir ki, noyabrın 19-da Berlində baş tutan görüş zamanı ABŞ təmsilçiləri Cared Kuşner və Stiven Uitkoff təhlükəsizlik zəmanətlərini Ukrayna və Avropa rəsmiləri ilə müzakirə ediblər.
Kuşnerin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp NATO-nun kollektiv müdafiə maddəsi formatında hazırlanmış razılaşmanı nəzərdən keçirməyə hazırdır.