Uzun illər "Toyota" üçün ehtiyat hissələri buraxan Yaponiyanın "Aster" şirkəti öz istehsalının bir hissəsini müdafiə sənayesinə yönəldib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Avtomobil tədarükçülərinin hərbi təyinatlı məhsulların buraxılışına keçməsi Tokionun ölkənin müdafiə qabiliyyətini genişmiqyaslı şəkildə gücləndirmək strategiyasının tərkib hissəsidir.
Yaponiya hökuməti Çin, Rusiya və Şimali Koreyadan gəldiyi iddia olunan təhdidlər fonunda yenidən silahlanmanı sürətləndirmək üçün mövcud sənaye zəncirlərindən istifadə etməyi planlaşdırır. Bu siyasət ABŞ tərəfindən də dəstəklənir.
İstehsalın şaxələndirilməsi avtomobil sənayesi üçün həm də maşın buraxılışındakı azalmanı kompensasiya etmək üsuluna çevrilir. 2025-ci ildə Yaponiya 10 il əvvəllə müqayisədə təqribən 900 mindən az avtomobil istehsal edib.
Tədarükçülərin müdafiə layihələrinə cəlb olunmasında əsas rolu Yaponiyanın Müdafiə Nazirliyi yanında Satınalma, Texnologiya və Logistika Agentliyi (ATLA) oynayır. Qurum müəssisələrin potensialını qiymətləndirir, onların silah şirkətləri ilə əməkdaşlıq qurmasına kömək göstərir və maliyyə dəstəyi təklif edir. Hələlik hərbi sifarişlərə əsasən kiçik və orta miqyaslı avtomobil ehtiyat hissələri istehsalçıları maraq göstərir.
"Toyota", "Honda" və "Nissan" daxil olmaqla, ən böyük Yaponiya avtokonsernləri Çin bazarındakı iştiraklarına və mümkün reputasiya risklərinə görə daha ehtiyatlı mövqe tuturlar.
"Pilotsuz uçuş aparatları çox daha gəlirli bir biznesdir", - deyə "Aster"in baş direktoru Takenobu Honqo qeyd edib.
"Toyota"dan isə, əksinə, müdafiə sahəsində işləmək planlarının olmadığını bildiriblər.
"Hazırda şirkətin prinsipial mövqeyi belədir - biz müdafiə ilə bağlı heç bir işlə məşğul olmayacağıq", - deyə konsernin icraçı direktoru Hiroyuki Ueda vurğulayıb.