Yaponiyanın avtomobil istehsalçıları maya dəyərini azaltmaq məqsədilə əsas ehtiyat hissələrinin və materialların texniki parametrlərini standartlaşdırmağı planlaşdırırlar.
Oxu.Az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, bu təşəbbüs Yaponiya avtomobil istehsalçılarının qlobal bazarda rəqabət qabiliyyətinin artırılmasına yönəlib.
Xüsusilə, avtomobil hissələrinin istehsalında istifadə olunan poladın, eləcə də plastik hissələr və naqillər üçün tətbiq edilən polimer qatranların texniki xüsusiyyətlərinin standartlaşdırılması nəzərdə tutulur.
Hazırda Yaponiya şirkətləri ehtiyat hissələrini və materialları öz texniki tələblərinə uyğun seçir və istifadə edirlər. Vahid standartların tətbiqi həm xərclərin azaldılmasına, həm də istehsal proseslərinin optimallaşdırılmasına imkan verəcək.
Bu isə öz növbəsində qənaət edilən vəsaitin avtomobil sənayesində qabaqcıl texnologiyaların inkişafına yönəldilməsinə şərait yaradacaq.