Kürdəmirdə sürücülük hüququ olmayan kişi avtomobillə 7 yaşlı uşağı vuraraq öldürüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Çöl-Ərəb kəndi ərazisindən keçən hissəsində baş verib. Kürdəmirin Atakişili kənd sakini, 1991-ci il təvəllüdlü İqbal Quliyev sürücülük hüququ olmadığı üçün tanışının adına VAZ-2106 markalı maşın alıb. O, həmin avtomobili idarə etdikdən sonra evində viski içib və ailəsi ilə birgə qayınatasıgilə getmək qərarına gəlib. İqbal ailə üzvləri ilə birlikdə həmin avtomobillə yola çıxıb. Rayonun Çöl-Ərəb kəndində idarəetməni itirib və yolu keçən 2019-cu il təvəllüdlü İdayət Hüseynlini vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb. İşin istintaqı yekunlaşaraq, məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş tərəflə barışıq əldə olunub. Məhkəmənin hökmü ilə İ.Quliyev 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ əlindən alınmaqla 5 il azadlıqdan məhrum edilib.