Kürdəmir rayonunun Yenikənd kəndində fərdi yaşayış evində yanğın baş verib.
Kənd sakini Ənvər Yunusova məxsus, ümumi sahəsi 200 kvadratmetr olan altıotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb.
Ev sahibi hadisə nəticəsində ona 100 min manata yaxın zərər dəydiyini bildirib.
Zərərçəkənlər hadisənin təfərrüatını Baku TV-yə danışıblar.
Zərərçəkən Bağdagül Yunusova bildirib ki, illərlə zəhmət çəkərək tikdikləri ev və içindəki bütün əşyalar qısa müddətdə yanaraq məhv olub. Onun sözlərinə görə, ailə yanan evdən heç bir əşyanı çıxara bilməyib:
"40 ildir bazarda işləyirdim. Qəpik-qəpik pul yığıb bu evi tikdirmişdim. 30 ildə əldə etdiyim hər şey 30 dəqiqənin içində əlimdən çıxdı. Qışın günüdür, bu qədər külfəti hara aparım?! İmkan daxilində bizə kömək etsinlər".
Digər zərərçəkən Rühanə Yunusova isə yaşadıqları çətin vəziyyətdən danışıb:
"Nə qədər çalışdıq, heç nə edə bilmədik. Yoldaşımın xəstəliklə bağlı sənədləri, uşaqlarımın sənədləri, qızım üçün aldığım cehizlər, qızıllarımız yanıb kül oldu. Özümüzə bir cüt paltar belə çıxara bilmədik. Artıq dərəcədə xahiş edirəm ki, bizə kömək etsinlər. Qayınatam, azyaşlı uşaqlarım da xəstədir".