Türkiyənin ən ali inzibati məhkəmə orqanı olan Danıştay İstanbulun sabiq bələdiyyə sədri Ekrem İmamoğlunun ali təhsil haqqında diplomunun ləğv edilməsi barədə qərarı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məhkəmə instansiyası İmamoğlunun diplomun ləğvi işi üzrə verdiyi kassasiya şikayətinə baxaraq, əvvəlki qərarların dəyişdirilməsi üçün heç bir əsas tapmayıb və onu rədd edib. Beləliklə, diplomun ləğvinə dair inzibati məhkəmələrdəki şikayət prosesi başa çatıb. Qərarla bağlı rəsmi bildirişdən sonra sabiq bələdiyyə sədrinin ancaq Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ qalacaq.
Türkiyədə ali təhsil haqqında diplomun olmaması siyasətçinin ən yüksək dövlət vəzifəsinə aparan yolunu bağlayır. Mövcud konstitusiyaya əsasən, prezidentliyə namizəd olan şəxsin mütləq şəkildə ali təhsili başa vurması barədə sənədi olmalıdır.
2025-ci ilin mart ayında İstanbul Universitetinin rəhbərliyi verilmə prosesində qanun pozuntularının olmasını əsas gətirərək, aralarında İmamoğlunun da olduğu 28 nəfərin diplomunu ləğv etmişdi. Sabiq bələdiyyə sədrinin Şimali Kiprdəki ali məktəbdən İstanbul Universitetinə köçürülməsinin qeyri-qanuni olduğunu sübut edən faktlar aşkar edilmişdi. İmamoğlu bu qərardan məhkəməyə şikayət etsə də, onun iddiası əvvəlcə birinci instansiya məhkəməsi, daha sonra isə apellyasiya məhkəməsi tərəfindən təmin olunmayıb.
Telekanalın məlumatına əsasən, E.İmamoğlunun diplomu ilə bağlı bütün qeydlər həm İstanbul Universitetinin məlumat bazasından, həm də "e-Devlet" elektron sistemindən silinib.