Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda baş verən və iki gündür ölkə gündəmini zəbt edən "fərari şirlə" bağlı detallar ortaya çıxıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Hürriyet" nəşirinin dərc etdiyi yazıda bəhs edilib.
Qeyd edilir ki, bununla bağlı xəbərlər təhlükəsizlik kamerası görüntülərini araşdıran bir mühafizəçinin bir heyvanı şir ilə səhv salması və şahidlərin də şiri gördüklərini deməsi ilə böyüyüb. Kamera görüntüləri ətraflı şəkildə yenidən araşdırılıb və nəticədə sözügedən heyvanın əslində pişik olduğu ortaya çıxıb.
Bildirilir ki, uşağının evə qayıdıb-qayıtmadığından narahat olan və onunla əlaqə saxlaya bilməyən ana mühafizəçidən yaşayış binasının təhlükəsizlik kamerası görüntülərini araşdırmasını xahiş edib. Mühafizəçi kamera görüntülərində bağda bir heyvan görüb və çaşqınlıq içində onun şir ola biləcəyini ehtimal edib. Yaxınlıqdakı insanların da iştirakı ilə bütün şübhələr "şir" üzərində cəmlənib və müvafiq orqanlara məlumat verilib. Heyvanın görüntüsünün olduğu kadrlar telefonla çəkilərək sosial şəbəkələrdə yayılmağa başlayıb. Jandarmlar hadisə yerində təhlükəsizlik tədbirləri görüb və şiri gördüklərini iddia edənlərin ifadələri alınıb. Bəziləri qorxudan dirəyə dırmaşdıqlarını, digərləri isə qarşılarından keçən kölgəni şirə bənzətdiklərini, bəziləri də şirin hansı istiqamətə getdiyini gördüklərini iddia ediblər. Bölgə muxtarı isə şirin yerinin dronlarla müəyyən edildiyini və tutulmasını gözlədiklərini bildirib. KİV-in də hadisəni bu şəkildə işıqlandırması ilə məsələ daha geniş hal alıb.
Milli Parklar Baş İdarəsi, Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) və zooparklardan gələn əməkdaşlar qruplar halında axtarışa başlayıblar. Termal kameralar da axtarışa cəlb edilib. Görüntülər mütəxəssislərə göstərilib və onlar heyvanın çox güman ki, dişi aslan ola biləcəyini bildiriblər. Tam təchiz olunmuş komando bölmələri də əraziyə göndərilib. Ərazi mühasirəyə alınıb və bəzi ərazilərə giriş qadağan edilib. Hətta şir tutulduğu zaman qoyulacağı qəfəs belə hazır olub. Lakin axtarışlara baxmayaraq, şirin izinə rastlanmayıb. Neçə gün ac və susuz qala biləcəyi və gündə neçə kilometr yol gedə biləcəyi barədə hesablamalar aparılıb.
Nəticədə kamera görüntüləri yenidən araşdırılıb və mütəxəssislər dəqiq görüntüləri təkrar nəzərdən keçiriblər. Şirin olduğu iddia edilən saniyələrdən əvvəl və sonra kadrlarda bağda ancaq pişik görünüb. Bütün detallar bir yerə toplanıb və bu qənaətə gəlinib ki, görüntülərdəki "şir" əslində sadəcə pişik olub.
Beləliklə,15-20 saniyəlik bir fərq və əsassız ifadələr böyük bir çaşqınlığa səbəb olub. Həmçinin bağdakı kollar kimi görünən də əslində 15-20 sm hündürlükdə otlar olub. Kamera bucağı, perspektiv qavrayışı və orijinal qeydlər üzərindən telefonla çəkilmiş bulanıq görüntülərin sosial şəbəkələrdə yayılması bu yanlış təsəvvürü daha da gücləndirib.