"İran ordusu Hörmüz boğazında müşahidəni və yoxlanışları daha da sərtləşdirib".
Oxu.Az xəbər verir ki, bunu İran mətbuatına ordunun sözçüsü Məhəmməd Əkrəminiya deyib.
"Ordunun döyüş hazırlığı əvvəlki dövrlərlə müqayisədə xeyli artıb. Hazırda baş komandanın əmri ilə Hörmüz boğazında daha ciddi nəzarət və izləmə tədbirləri həyata keçirilir", - deyə ordu rəsmisi bildirib.
Onun sözlərinə görə, son həftələr ərzində İranın silahlı qüvvələri ilə razılaşdırılmadan boğazdan keçən gəmilər ciddi təhlükələrlə üzləşib və minalara düşüb.
O, həmçinin vurğulayıb ki, yeni texnologiyaların tətbiqi, köhnə sistemlərin yenilənməsi və ordunun hərbi infrastrukturunun möhkəmləndirilməsi nəticəsində boğaza nəzarət səviyyəsi yüksəlib.
Qeyd edək ki, dünən İran ordusunun baş komandanı Əmir Hatəmi Hərbi Dəniz Qüvvələrinin komandanlığına tapşırıq verib ki, ABŞ Tehranın irəli sürdüyü yeddi şərti yerinə yetirənə qədər Hörmüz boğazının qapadılması rejimi gündən-günə daha da sərtləşdirilsin.