Britaniyalı üzgüçü Lyuis Pyu ABŞ ilə İran arasındakı müharibənin dəniz ekosistemi üçün yaratdığı təhlükəyə diqqət çəkmək məqsədilə Hörmüz boğazında 9,3 mil (təxminən 15 kilometr) məsafəni üzərək qət edib.
Oxu.Az "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, idmançı bu məsafəni üç gün ərzində qət edib və ümumilikdə təxminən altı saat yarım suda qalıb.
O, davam edən atışma və partlayışlar səbəbindən təhlükəsizlik məqsədilə 15 kilometrlik marşrutu bir neçə mərhələyə bölüb.
Pyu üzməyə Omanın Müsəndəm yarımadası yaxınlığından başlayıb və Hörmüz burnunu dövrə vuraraq finişə çatıb. Onun sözlərinə görə, üzməyə başladıqdan qısa müddət sonra iki güclü partlayış səsi eşidib və təxminən dörd kilometr məsafədə zədələnmiş neft tankerini görüb.
İdmançı zədələnmiş tankerlərdən neft sızmasının dəniz canlıları, mərcan rifləri və regionun sahilyanı əraziləri üçün ciddi təhlükə yaratdığını bildirib. Onun fikrincə, ekosistemin bərpası onilliklər çəkə bilər.
"Biz müharibəni dayandırmalı, boğazı açmalı və onu çirklənmədən təmizləməliyik", - deyə Pyu vurğulayıb.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, mart-sentyabr aylarında Hörmüz boğazında və ona bitişik sularda gəmilərə 53 hücum qeydə alınıb. Oktyabrda daha 31, noyabrın 18-dək isə təxminən 19 hücum baş verib.