ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
"Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var", - deyə Ağ Evin rəhbəri bildirib.
O, sabiq mətbuat katibi Keyti Zakariyanı "yaxşı insan" adlandırıb və onun yenidən bu vəzifəyə qayıtması ehtimalını da istisna etməyib.
"O, fantastik insandır. Kim bilir, bəlkə də... Onunla necə davrandıqlarını gördüm. Mən ona dedim: "Keyti, sənə bu lazım deyil". Çünki bəlkə də o, özünü müdafiə edə bilməyəcəkdi.
Radikal solçular və saxta xəbərlər yayan KİV sözün əsl mənasında onu təqib edirdilər. Mətbuat qəddar ola bilər və mən bunu öz təcrübəmdə görmüşəm. Şübhəsiz ki, o, əla insandır", - deyə Tramp qeyd edib.
Zakariya Ağ Evin mətbuat katibi vəzifəsində cəmi beş gün çalışıb. Bu, həmin vəzifə tarixində ən qısa müddətdir.