ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda bu otaqda dünyanın ən qüdrətli adamı - aparat rəhbəri Stiven Miller var. Bu ikisindən o, daha yaxşı çıxdı", - deyə Tramp yanında dayanan dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vensi göstərib. Ardından o, Millerdən soruşub: "Prezidentliyə namizədliyini vermək istəmirsən?"
Miller Trampın ən sadiq silahdaşlarından sayılır və sərt immiqrasiya strategiyasının müəllifidir. O, bundan öncə Ağ Evin aparat rəhbərinin müavini və milli təhlükəsizlik müşaviri postlarını tutub, qeyri-qanuni miqrantların kütləvi deportasiyası prosesində həlledici fiqur olub.
Noyabrın 6-da ABŞ lideri siyasi bloka transfer olan Syuzi Uaylsı əvəzləyərək Milleri aparat rəhbəri təyin edib. Kadr dəyişikliyi demokratların Konqresin hər iki palatasında üstünlüyü ələ keçirdiyi aralıq seçkidən dərhal sonraya təsadüf edib.
Addımını əsaslandıran Tramp yenilik etmək arzusunda olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Miller ilk gündən onun yanındadır və siyasi məsələləri dərindən bilir. "Mən yenilik istəyirdim. Həyatda bəzən müəyyən dəyişikliklərə ehtiyac olur", - prezident qeyd edib.
"Axios" nəşri mənbələrə istinadən yazıb ki, Miller yeni vəzifəsində Trampa 2024-cü il seçkisində qalib gəlməyə kömək edən, lakin aralıq səsvermədə demokratların tərəfinə keçən gənclərin və etnik azlıqların dəstəyini qaytarmaq niyyətindədir. Nəşrin məlumatına görə, bu qrupların rəğbətini geri qaytarmaq üçün Miller administrasiyanın iqtisadi problemlərin həllinə yönəlmiş tədbirləri barədə daha fəal danışmağı planlaşdırır. Xüsusilə, o, dərmanların uzlaşdırılmasına və dövlət strukturlarında fırıldaqçılıqla mübarizəyə diqqət yetirmək istəyir. Bundan əlavə, onun prioritetləri sırasına federal bürokratiyanın azaldılması və icazə sistemində islahatı daxildir.
Bununla belə, "Bloomberg" qeyd edib ki, sərt immiqrasiya siyasətinin tərəfdarı kimi tanınan Millerin Konqresin yeni tərkibi ilə kompromisə gedəcəyi inandırıcı görünmür. Demokratlar isə öz növbəsində onun administrasiyanın miqrasiya siyasətinin həyata keçirilməsindəki rolunu araşdıracaqlarına söz veriblər.
Eyni zamanda, "The Washington Post" qəzetinin məlumatına görə, Miller Ağ Evin aparatında struktur islahatlarına start verib. İki memorandum vasitəsilə o, sabiq rəhbər Syuzi Uaylsın tabeliyində çalışmış şəxslərin səlahiyyətlərinin yenidən bölüşdürülməsini təsdiqləyib, habelə ictimaiyyətlə əlaqələr sahəsində nazirliklərə əlavə sərbəstlik tanıyıb. Başqa bir sənədlə isə işçilərə Ağ Evin hüquq şöbəsinin razılığı olmadan rəsmi qeydiyyatlı lobbistlərlə görüşmək qadağan edilib.