Meksika təhlükəsizlik qüvvələri tərəfindən Sinaloa ştatında keçirilən əməliyyat nəticəsində ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan 10 şəxs siyahısında yer alan narkokartel rəhbəri Fausto İsidro Meza Flores saxlanılıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "El Chapo İsidro" ləqəbi ilə tanınan narkobaronun həbsi əsnasında, ondan sonra şiddətli toqquşmalar davam edir.
Meksikada onun ələ keçirilməsindən dərhal sonra cinayətkar qruplaşmanın üzvləri iğtişaşlara başlayıblar. Sinaloa ştatının Quasave şəhərində silahlı qruplaşmaların federal güclərə hücum etməsi ilə qarşıdurma yaranıb. Təhlükəsizlik orqanları kartel üzvlərinin hücumlarına ağır pulemyotlarla cavab verib. Rəsmilər vətəndaşlara təhlükəsiz yerlərə sığınmaları barədə xəbərdarlıq ediblər.
Qarşıdurmalar zamanı yük maşınları, qoşqular və yanacaqdoldurma məntəqələri yandırılıb. Quasave şəhərindəki atışmalarda yaralanan kartel üzvləri öz yoldaşları tərəfindən xəstəxanalara çatdırılıblar.
Məlumata görə, ABŞ hökuməti Meza Floresin yeri barədə məlumat verən şəxslərə 5 milyon dollara qədər mükafat vəd etmişdi.